“Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi ilə əlaqədar mətbuat konfransı keçirilib
Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransda FİLA-nın nümayəndəsi Çaba Heqeduş və Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov iştirak edib.

Ə.Cəfərov yarış haqqında məlumat verərək, turnirə hazırlıq barədə danışıb: "Yarış "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirdə 32 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq. Təşkilat Komitəsi yaradılıb. Yarışa tam hazırıq. Bütün təşkilati işlər yüksək səviyyədədir. Azərbaycana yeni gətirdiyimiz döşəklərdən istifadə olunacaq. FİLA-nın rəsmiləri də yarışları izləyəcəklər. Komandalarımız yaxşı təlim-məşq toplanışı keçiblər. Turnirə tam heyətlə qatılacağıq. Bu yarışın Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunması güləşçilərimizdə böyük ruh yüksəkliyi yaradıb. Bütün pəhləvanlarımız qızıl medallar uğrunda yarışacaqlar".

Daha sonra isə FİLA-nın nümayəndəsi Çaba Heqeduş fikirlərini bildirib. O, Azərbaycanın yarışa yüksək səviyyədə hazırlaşdığını qeyd edib: "Bu yarış dünya güləşinin inkişafı baxımından çox önəmlidir. Azərbaycan Güləş Federasiyası yarışa çox yaxşı hazırlaşıb. AGF-nin fəaliyyəti nümunəvidir. Bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Bu turnir Azərbaycanın dünyada tanınması üçün də əhəmiyyətlidir. Yarışa maraq çox böyükdür. Belə yüksək səviyyəli yarış güləşin olimpiadanın proqramında saxlanılmasının düzgün qərar olduğunu təsdiq edir."

Daha sonra isə FİLA nümayəndəsi və AGF-nin baş katibi jurnalistlərin suallarını cavablandırıblar.

Xəbər 942 dəfə oxundu.