Namiq Əliyev: “Ölkə başçısının güləş idman növünə və güləşçilərimizə diqqəti çox böyükdür” - MÜSAHİBƏ
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev müsahibə verib. İdman.com.az müsahibəni diqqətinizə çatdırır.

- 2013-cü il yekunlaşmaq üzrədir. Olimpiya ilindən sonra əksər komandaların tərkibində nəsil dəyişikliyi baş verir. Bu dəyişikliyi nəzərə alaraq Azərbaycan güləşçilərinin bu ilki Avropa və Dünya çempionatlarında, Universiadada çıxışını necə dəyərləndirirsiz?

- Dünya praktikasında da dəfələrlə şahidi olmuşuq ki, böyük yarışlardan sonra demək olar ki, bütün yığma komandalarda nəsil dəyişikliyi baş verir. Bu hal Azərbaycan yığma komandalarından da yan keçməyib. İlin böyük yarışları olan Tbilisidə keçirilən Avropa çempionatı və Budapeştdə təşkil olunan Dünya çempionatında bir çox çəki dərəcələrində gənc idmançılarımıza şans verildi. Onlardan özünü yaxşı tərəfdən göstərənlər də oldu, məşqçilərin ümidini doğrultmayanlar da. Bu cür halları nəzərə alaraq biz bundan sonrakı strategiyamızı, nəyə daha çox diqqət yetirmək lazım olduğunu özümüz üçün müəyyənləşdirdik.
Təbii ki, əsas planımız növbəti Olimpiya Oyunlarına qədər nəsil dəyişikliyini uğurla başa çatdırmaq olacaq. Amma güləşçilərimiz Tələbələrin Yay Universiadasındakı uğurlu çıxışla bizləri sevindirdilər və qeyd olunan faktları nəzərə alaraq ili qənaətbəxş saymaq olar.

- 2013-cü ili dünya güləş ictimaiyyəti üçün kifayət qədər gərgin keçdiyini demək olar. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Oyunlarında güləş idman növünün saxlanılması barədə qərarı bu gərginliyi azaltdı. İcraiyyə Komitəsinin üzvü olaraq bu qərarın əldə edilməsində FILA-nın rolunu necə qiymətləndirirsiz?
- Doğrudan da, güləşin Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı yaşananlar hamımızı çox narahat etdi. İcraiyyə Komitəsinin üzvü olduğum FILA ailəsi olaraq baş verənlərə vaxtında reaksiya verdik. Dördilliyin zirvə yarışında bu idman növünün saxlanılması üçün strateji plan hazırlandı, bir sıra qərarlar qəbul edildi. Güləşsevərlərin də bu məsələyə həssas yanaşması ümumi işimizin xeyrinə oldu. Məni sevindirən məqam o oldu ki, bütün dünyada olduğu kimi Azərbaycanda da güləş həvəskarları vahid mövqe nümayiş etdirdi.
Xatırlayırsınızsa, Sahil parkında “Güləşin Olimpiya Oyunlarında saxlanılmasına dəstək olaq!” adlı aksiyada xeyli sayda güləşsevər iştirak etdi. Bu isə onun göstəricisidir ki, həqiqətən də, Azərbaycanda güləş ən sevilən idman növüdür və baş verənlər bizim kimi onları da çox narahat edir. Hər halda apardığımız sistemli fəaliyyət BOK rəsmilərinin öz fikirlərini dəyişməsi üçün kifayət etdi və güləş Olimpiya Oyunlarının proqramında saxlanıldı.

- Bir neçə gündən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin sayca 6-cı final mərhələsi baş tutacaq. Yarışlara hazırlıq prosesi necə gedir?

- İlk öncə onu deyim ki, bu günə qədər Azərbaycanda keçirilən bütün mötəbər yarışlar, o cümlədən, güləş turnirləri də yüksək təşkilatçılığı ilə beynəlxalq qurumların diqqətini çəkir. Heç kimə sirr deyil ki, dövlətimizin idmana və idmançılara diqqəti və qayğısı ən yüksək səviyyədədir. Bu diqqət və qayğının qarşılığı yalnız yüksək əyarlı medallar qazanmaqdır və güləşçilərimiz də qatıldıqları bütün mötəbər yarışlarda bu amal uğrunda mübarizə aparırlar.
Ölkəmizə gələn xarici qonaqların Azərbaycandan yüksək təəssüratlarla ayrılması da bizim əsas məqsədlərimizdəndir. Bu dəfə də belə olacaq. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə hazırlıq işləri yüksək səviyyədə davam edir, Təşkilat Komitəsi öz üzərinə düşən bütün işləri lazımi şəkildə icra edir. Ümid edirəm ki, builki yarışlar böyük bir idman bayramına çevriləcək.

- Güləş azarkeşləri bu dəfəki turnirdə Azərbaycan güləşçilərinin çıxışından nə gözləsinlər?

- Hazırda hər üç güləş növü üzrə yığmalarımız məsul yarışa hazırlıqlarını davam etdirir. Onların yüksək səviyyədə hazırlıq keçmələri üçün lazım olan hər bir şərait yaradılıb. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləş idman növünə və güləşçilərimizə diqqəti çox böyükdür. Çalışıb ölkə rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq lazımdır.
Məsuliyyəti artıran daha bir fakt builki yarışların Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etdiyimiz ilə təsadüf etməsidir. Güləşçilər özləri də bu məsuliyyəti lazımi qədər dərk edir və azarkeşləri sevindirmək üçün əllərindən gələni etməyə hazırdırlar.

- İlin sonunda böyüklər arasında Azərbaycan çempionatı da keçiriləcək. Son Olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifovu güləş azarkeşləri bu il ya “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi, ya da Azərbaycan çempionatında görə biləcəklərmi?

- Olimpiya Oyunlarından sonra həm Şərif Şərifov, həm də Toğrul Əsgərov öz çəki dərəcələrini dəyişib. Onların yeni çəkiyə uyğunlaşmaları üçün müəyyən zamana ehtiyac var. Əgər yığma komandanın məşqçilər korpusu bu idmançıların qeyd olunan yarışlarda iştirakını məqbul sayarlarsa, o halda azarkeşlər Olimpiya çempionlarının çıxışlarını izləyə biləcəklər.
Yeniyetmə və gənclərin bu ilki Avropa və Dünya çempionatındakı çıxışlarına münasibətiniz də maraqlıdır. Ehtiyat qüvvələr yetişirmi?
Mübaliğəsiz söyləyə bilərəm ki, ehtiyat qüvvələrin yetişməsi baxımından Azərbaycan dünyada ən qabaqcıllar sırasındadır. Statistikaya nəzər salsaq, son illər ərzində yeniyetmə və gənc güləşçilərimizin Dünya və Avropa çempionatlarında əldə etdiyi nailiyyətlərin ildən-ilə artdığının şahidi oluruq. AGF olaraq müəyyənləşdirdiyimiz yeniyetmə və gənc güləşçilərin inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Bu istiqamətdə federasiyamızın nümayəndəliklərinin üzərinə böyük məsuliyyət düşür ki, onlar da bacarıqla bu işin öhdəsindən gəlirlər. Nəticə verən idmançılarımızın böyük əksəriyyətinin regionları təmsil etməsi buna əyani sübutdur. Odur ki, Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunu tam əminliklə deyə bilərik.

Xəbər 1277 dəfə oxundu.