Xaçmazda Şahmat Məktəbi açılıb

Sentyabrın 23-də Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Prezident İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilib. Qısa zamanda tikilən məktəbin ümumi sahəsi 720 kvadratmetrdir. Dizaynında şahmat fiqurlarından və digər şahmat elementlərindən istifadə olunan binanın tikintisi zamanı yüksək memarlıq quruluşuna nail olunub. İkimərtəbəli binanın ətrafında yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar vardır. Kompüterlərə xüsusi şahmat proqramları yüklənib. Şahmat məktəbində ən müasir maddi-texniki baza yaradılıb. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vasitələr vardır.
Bildirildi ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar keçirmək mümkündür.
Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

AzərTAc

Xəbər 5160 dəfə oxundu.