Güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək
22-24 noyabr tarixində Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azərbaycan güləş yığmaları sayca 6-cı dəfə təşkil olunacaq turnirə ciddi hazırlaşır.

Yunan-Roma güləşçilərimiz yarış öncəsi son təlim-məşq toplanışını baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusunun nəzarətində davam etdirir. Olimpiya Güləş Mərkəzində ABŞ-dan olan 2 güləşçi də "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə yığmamızla bərabər hazırlaşır.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın heyəti və məşqçilər korpusu ilə görüşüb. AGF rəsmisi hazırlıq prosesinin gedişi və idmançıların vəziyyəti ilə maraqlanıb.

Baş məşqçi Cəmşid Xeyrabadi deyib ki, Macarıstanda keçirilən dünya çempionatından sonra yığmamızın aparıcı üzvləri ilk beynəlxalq sınağa çıxacaq.

“Artıq 2 aydır ki, Dünya çempionatı başa çatıb və biz yığma komanda olaraq Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşırıq. Moskvada keçirilən Avropa Kubokuna əsasən gənclərdən ibarət heyət göndərilmişdi. Yığmanın aparıcı üzvləri məhz "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində mübarizə aparacaqlar. Çalışacağıq ki, Azərbaycanı layiqincə təmsil edək. Həm güləş azarkeşlərini sevindirək, həm də Federasiya rəhbərliyinin etimadını doğruldaq”.

Qeyd edək ki, yunan-Roma güləşçiləri "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ilk yarış günündə mübarizə aparacaqlar.

Xəbər 925 dəfə oxundu.