“Baku Fires” ilk döyüşə hazırdı
“Baku Fires” boks klubu Ümümdünya Boks Seriyasında (WSB) bu mövsüm ilk görüşünü noyabrın 15-də səfərdə “Astana Arlans”a qarşı keçirəcək. Bu gün bununla bağlı, hər iki klubun boksçularının və rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib.

“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev “Astana Arlans”ın liqanın son qalibi olmasını xatırladaraq, rəqibin yetərincə güclü olduğunu deyib: “Qazaxıstan milli komandası bu yaxınlarda keçirilən dünya çempionatında 1-ci oldu. Boks Qazaxıstanda günü-gündən inkişaf edir. Amma biz də bu görüşə ciddi hazırlaşmışıq. İnanıram ki, sabahkı döyüş kifayət qədər maraqlı alınacaq”. Gənciyev komandanın mövsümə hazırlığı barədə də danışıb: “Biz 3 təlim-məşq toplanışı keçdik ki, bunlardan da biri orta dağlıq şəraitində olan Dombay şəhərində oldu. Bundan başqa artıq biz daimi hazırlıq keçdiyimiz yeri də dəyişmişik. Bakıdan 140 km uzaqda yerləşən Quba Olimpiya Kompleksində məşq edirik. Rəqiblərimizi də məhz orada qəbul etmək niyyətindəyik”. “Baku Fires”in baş meneceri son dünya çempionatının iştirakçılarından kimlərin heyətə daxil edilməsinə də aydınlıq gətitib: “Soltan Migitinov artıq bizimlə birgə məşq edir. Məhəmmədrəsul Məcidov isə yanvarda bizə qoşulacaq. Məcidova dünya çempionatından sonra istirahət etmək lazımdır”.

“Astana Arlans”ın baş meneceri Bolat Mankenov da “Baku Fires”lə görüşün asan keçməyəcəyini deyib: “Komandamızda xeyli dəyişiklik olub. Bu da çəki dərəcələrinin sayının artırılması ilə bağlıdır. Bir tərəfdən boksçulara daha asan olacaq. Onların hazırlığa və bərpa prossesinə vaxtı çox olacaq. Ancaq məşqçilərin işi əvvəlkinə nisbətən çətinləşəcək. Lakin bütün komandaların vəziyyəti eynidir”.

Xatıralad ki, “Astana Arlans” – “Baku Fires” matçı noyabrın 15-də Bakı vaxtı ilə saat 18-də başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

49 kq: Ənvər Muzaparov – Xamza Nametov

56 kq: Bağdat Alimbekov – Maqomed Qurbanov

64 kq: Asxat Ualixanov – Osman Əliyev

75 kq: Sergey Derevyançenko – Nikolay Veselov

91 kq: Vasili Levit – Abdulqadir Abdullayev

Xəbər 962 dəfə oxundu.