Mirəli Kazımov: Avropa artıq bizdən nümunə götürür
“Səmti müəyyən etmə idmanında işimizin səviyyəsini daha artıracağıq”

Səmti müəyyən etmə idmanının cari mövsümü qənaətbəxş başa vurduğunu söyləmək olar. İdman.com.az xəbər verir ki, federasiya il ərzində bir neçə yarış keçirib. Bunlar arasında həm ölkə daxili, həm də beynəlxalq tədbirlər olub. Sözügedən rəqabətdə iştirakçı sayında da artım müşayiət edilib. Əgər son 2 ilədək respublika turnirlərinə 20 səmti müəyyən edən qatılırdısa, federasiyanın rəhbərliyində baş verən dəyişiklikdən sonra, zaman-zaman idmançı sayı artıb (20+130+200+320).

Ən yaxşı göstərici may ayında qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 1-ci beynəlxalq açıq kubok mübarizəsində 320 nəfər iştirak edib.

İyulda təmsilçilərimiz Finlandiyada dünya çempionatında mübarizə aparıblar. Bu tədbir əlamətdarlığı ilə yadda qalıb. Belə ki, yarışın gedişində “Azərbaycan gecəsi” adlı tədbir təşkil olunub. Həmin yığıncaqa İOF-un prezidenti Brian Porteos və vitse-prezidenti Astrid Valer Kaas ilə yanaşı, digər ali qonaqlar dəvət olunublar. Toplantıda ölkəmizin təbiəti, mətbəxi, insanların qonaqpərvərliyi haqqında məlumat verilib. Skandinaviya səfəri “İdman Azərbaycan” telekanalı vasitəsilə yerində işıqlandırılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan tarixi, mətbəxi, təbiəti haqqında 120 ədəd kitab, ölkəmiz barədə 100 ədəd xüsusi disk, eləcə də, Azərbaycanı və Bakını özündə əks etdirən rəsmlər, suvenirlər, milli xalçalar və tar-kaman bütün qonaqlara hədiyyə olunub.

Yığıncağın sonunda İOF prezidentinin xüsusi nümayəndəsi Tatyana Qələndəroğlu çıxış edərək, qısa müddətdə qazanılan nailiyyətə görə, SMEF-in prezidenti Mirəli Kazımova təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmiz bu sahədə fəallardandır və səmti müəəyən etmə idman növünün təbliğinə, işıqlandırılmasına xüsusi yer verir; digər ölkələr Azərbaycandan nümunə götürməli, təcrübəsindən yararlanmalıdırlar.

Cari mövsümdə Avropa İşçi Qrupunun nümayəndələri ölkəmizdə monitorinq aparıb, buradakı şəraitidən razı qaldıqlarını deyiblər. Mirəli Kazımov saytımıza müsahibəsində bildirib ki, yerli federasiya gələn il işin səviyyəsini və keyfiyyətəni daha artıqmağı qarşıya məqsəd qoyub:

“Gələn il yarışlarımızın sayı artacaq. Binəqədi rayonunda yerləşən məktəblərdə səmti müəyyən etmənin tətbiqi məsələsində icra başçısı ilə şifahi razılığa gəlmişik. Universitetlər və güc strukturları arasında turnirlər də nəzərdə tutulub.

Beynəlxalq tədbirlərə gəlincə, fevralda Antalyada dünya kubokunda mübarizə aparacağıq. May ayında Heydər Əliyevin 90 illik yubileyinə ənənəvi yarış keçiriləcək. İyulda İtaliyada təşkil olunacaq dünya çempionatına biz də dəvətliyik.

İdman sahəsində böyük təcrübəsi olan vergilər naziri Fazil Məmmədovun tövsiyəsindən, Gənclər və İdman Nazirliyinin dəstəyi və Ukraynanın Azərbaycandakı səfiri, yaxın dostumuz Aleksandr Mişenkonun təcrübəsindən yararlanıb, işimizi daha yaxşı təşkil etmək niyyətindəyik”.

SMEF-in prezidenti onu da əlavə edib ki, yaxın gələcəkdə klubların sayını çoxaltmaq, rəqabətdə gərginliyi və səviyyəni artırmaq üçün, legionerləri dəvət edilməsi nəzərdə tutulub:

““Nefiçi” İdman-Sağlamlıq Mərkəzi, Aviasiya Akademiyası, “Avropa” liseyi və Slavyan Universitetində bölməmiz fəaliyyət göstərir. Krımın məşhur “Artek” düşərgəsi ilə qarşılıqlı təcrübə müdalisi də planlaşdırırıq. Bir də, yaxın gələcəkdə klublarımıza əcnəbi mütəxəssisləri dəvət etmək fikrimiz var”.






Xəbər 3851 dəfə oxundu.