Vitali Rəhimov: 1-ci Avropa oyunları son şansımdır - MÜSAHİBƏ
Yunan-Roma milli komandamızın aparıcı güləşçisi Vitali Rəhimov (66 kq) yeni mövsümə hazırlaşır. Titullu bahadırın hədəfi qarşıdan gələn mötəbər yarışlarda uğur qazanmaqdı. “İdman” qəzetinə müsahibəsində, o, son durumu və gələcək planlarından danışıb:

- Ötən ay yığma komanda bir araya gəlib. Hazırda mən də millinin düşərgəsindəyəm. Fasilə zamanı isə, formadan düşməmək üçün, fərdi qaydada, həftədə 3 dəfə məşq edirdim.

- London oyunlarından sonra, karyeranızı bitirməyinizlə bağlı söz-söhbət gəzirdi.
- Olimpiadadan sonra məşq etmədim. Yavaş-yavaş böyük idmandan uzaqlaşmaq istəyirdim. Amma duşunəndə, gördüm ki, hələ tezdir (gülür). Çalışmaları bərpa etdim. Qarşıma, 1-ci Avropa olimpiadasında iştirakı məqsəd qoydum.

- Demək, doğma divarda yaşayacağınız ovqat sizi yenidən güləş xalçasına qaytardı.
- Karyeramı yaxşı sonluqla, daha dəqiq, qızıl medalla başa vurmaq istəyirəm. Zənnimcə, alınar. Baxmayaraq ki, komandamızda xeyli gənc var.

- Fevralda İstanbulda Vəhbi Əmrənin xatirəsinə keçirilmiş ənənəvi turnirdə iştirak etdiniz. Yaxşı yadımdadı, 3-cü yeri tutmuşdunuz. Elə orada sizdən canlı açıqlama almışdım. Amma sonradan beynəlxalq arenalarda görünmədiniz. Səbəb nə idi?
- İndi heç bir yarışda iştirak etmirəm. İstəsəm, edərəm. Amma qoxruram, hər hansı bir uğursuzluq məni “sındırar”. Hiss edirəm ki, hələ hazır deyiləm. Zamanı gələndə, vaxtı çatanda, heç zaman olmadığım kimi, hazır olacağam.

- Sizcə, alınacaqmı?
- Fikrimcə, alınar. Hərçənd çoxu deyir ki, yaşlaşmışam, dövrüm bitib. Amma bu, işin xeyrinədir. Qoy nə düşünürlər, düşünsünlər. Sübut etmək istəyirəm ki, heç də belə deyil. Qalib gələ bilərəm. 1-ci Avropa oyunları son şansımdır. Bunu əldən vermək istəmirəm. Təbii, hamısı mənim planlarımdadır. Alınmağı isə, Uca Allahın əlindədir.

Xəbər 1257 dəfə oxundu.