Səmti müəyyən edənlər Filippovun xatirəsini yad etdilər
Nabranın "Xəzər" turist bazasında Vyaçeslav Filippovun xatirəsinə səmti müəyyən etmə üzrə kubok mübarizəsi başa çatıb. Idman.com.az xəbər verir ki, yarışdan bir gün öncə, noyabrın 2-də idman turizmi üzrə SSRİ idman ustasıının xatirə gecəsi kesirilib. Həmin tədbirdə çıxış edən federasiyanın vitse-prezidenti Nizami Mursakulov turnirin səbəbkarının həyatı və idman sahəsində əldə etdiyi uğurlardan danışıb.

Sonra SSRİ idman ustası haqqında geniş videoçarx nümayiş etdirilib. Bu, idmançılar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra təcrübəli mütəxəssisin həyat yoldaşı Yelena Filippova və eləcə də dostları Aleksandr Nəcəfov, Yaqub Əsədov, Tahir Süleymanov, Tərlan Ramazanov söz alaraq, idman ustası haqqında maraqlı söhbətlər etmiş, onunla bağlı təssüratlarını gənclərlə bölüşüblər.

Kubok mübarizəsinə gəlincə, təxminən 70 nəfərə yaxın idmançının qatıldığı yarış "K-21”, "Q-21” və "Junior” qrupları üzrə keçirilib. 2.5 saat nəzarət vaxtı təyin edilmiş yarışda kişilər üçün 4.6 km (13 NM), qadınlar üçün isə 4.0 km məsafə (11 NM) müəyyən edilmişdir. "Junior” qrupu üzrə mübarizə aparan idmançılar isə 0.8 km məsafədə 7 nəzarət məntəqəsini müəyyən etməli idilər.

Gərgin keçən rəqabətdə "K-21” qrupu üzrə Sergey Telegin qalib olub. Ondan 2 dəqiqə geri qalan Emin Məmmədov 2-ci, Müvəssil Allahverdiyev 3-cü yeri tutub. "Q-21” qrupu üzrə Nataliya Əliyeva qızıl medal qazanıb. Yanina Maşkova 2-ci, Çokuet Karolin isə finişə 3-cü çatıb.

"Junior” qrupunda Cavid Hüseynzadə nöqtəyə hamıdan birinci çatıb. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Mariya Mişenko və Mariya Fedyukina tutublar. Fərqlənən idmançılara federasiyanın vitse-prezidenti Nizami Mursakulov və federasiyanın fəxri üzvü Aleksandr Mişenko tərəfindən medal və xatirə diplomu təqdim edilib.

Xəbər 2160 dəfə oxundu.