Azərbaycan millisində yeni oyunçu
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun uzun müddət sonra yenidən "Qarabağ"ın qapıçısı Fərhad Vəliyevə dəvət göndərib.

Almaniyalı mütəxəssis sonuncu dəfə 2011-ci ilin iyun ayında milliyə dəvət alan qapıçımıza yenidən ehtiyac duyub.

Bu mövsüm "Qarabağ"ın heyətində 5 görüşdə qapısını toxunulmaz saxlayan 33 yaşlı qapıçının uğurlu oyunu Foqtsun da diqqətindən yayınmayıb. Fərhadın Kamran Ağayevin yoxluğunda Estoniya və Qırğızıstanla oyunlarda əsas heyətdə meydana çıxacağı istisna olunmur.

Millimizin bu gün açıqlanan heyətində daha bir milliləşdirilmiş futbolçunun adına rast gəlinir. Belə ki, Almaniya Bundesliqa təmsilçisi "Braunşveiq" klubunun əvəzedici komandasının üzvü İltər Taşkın ilk dəfə olaraq Azərbaycan yığmasına dəvət alıb. Türk əsilli futbolçu qarşıdakı iki oyunda meydana çıxa bilər.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 15-də Tallində Estoniyanın, 4 gün sonra isə Bişkekdə Qırğızıstan yığmasının qonağı olacaq.

Xəbər 846 dəfə oxundu.