"Football Mundial" "Neftçi"nin qonağı olub
Dünyanın ən məşhur televiziya futbol proqramı “Football Mundial”ın çəkiliş qrupu “Neftçi” PFK-nın bazasında olub. İdman.com.az Olimpiya.az saytına istinadən xəbər verir ki, beynəlxalq futbol təşkilatı FİFA-nın rəsmi verilişi sayılan “Football Mundial”ın əməkdaşları Azərbaycanın ən köklü komandasına böyük maraq göstərib. “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov verilişin nümayəndələri - baş direktor Riçard Milvey və operator Oliver Tomasla görüşüb. Klub rəhbəri dünyanın 100-dən çox ölkəsində yayımlanan veriliş üçün müsahibə verib.

Sadıq Sadıqov Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğıdan söhbət açıb, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq olimpiya hərəkatının inkişafındakı xidmətlərinin Beynəlxalq Olimpiya Komitəsinin və ümumdünya idman təşkilatlarının rəhbərləri tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xarici qonaqların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin idmanın bütün növləri ilə yanaşı, futbola da xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən layiqincə yerinə yetirildiyini nəzərə çatdırıb.

S.Sadıqov müsahibəsində həmçinin “Neftçi”nin Azərbaycanın ən köklü klubu olduğundan da söhbət açaraq, belə bir kluba rəhbərlik etməyin böyük şərəf olduğunu söyləyib. Klub rəhbəri komandanın qarşısına qoyulan əsas məqsədlərdən birinin UEFA Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər yarışların qrup mərhələsində oynamaq olduğunu deyib, həmçinin Azərbaycan futbolu haqda məlumatlar verib.

Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanda səfərdə olan “Football Mundial”ın əməkdaşları “Neftçi” - “Qəbələ” oyunundan, eləcə də bir müddət əvvəl İngiltərənin “Everton” klubu ilə müqavilə bağlamış Araz Abdullayevin şəxsi həyatı, futbolçu karyerasından və flaqmanın bazada baş tutmuş məşq prosesindən reportaj hazırlayıb. Klub prezidentinin müsahibəsi və reportajlar “Football Mundial”ın yaxın günlərdə efirə gedəcək buraxılışlarında futbol həvəskarlarına təqdim olunacaq.

Xəbər 1304 dəfə oxundu.