Boksçularımız Bakıda maksimum sayda lisenziya qazanmalıdırlar

Bakıda sentyabrın 26-da startı veriləcək boks üzrə dünya çempionatı artıq iştirakçılarının sayına görə diqqəti çəkir. Yarışda 130-dan artıq ölkədən 750-yə yaxın iştirakçının olacağı gözlənilir. Bu da hələ son rəqəm deyil.
Çıxışları rəsmiləşmiş ölkələrdən 41-i Avropa, 25-i Amerika, 28-i Asiya və Afrika qitələrini təmsil edirlər. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan Bakı mundialında Londona 92 vəsiqənin sahibi müəyyən olunacaq. Azərbaycan boksçularından indiyə kimi ancaq bir nəfərin - Soltan Miqitinovun lisenziyası var.

Boks üzrə dünya çempionatları ilk dəfə 1974-cü ildə Havanada keçirilib. MDB məkanında bu turnirə indiyə kimi ancaq bir şəhər _ ovaxtkı SSRİ-nin, indiki Rusiyanın paytaxtı Moskva ev sahibliyi edib.

Bu məkanda üçüncü olmaq şərəfi isə 2013-cü ildə Qazaxıstan paytaxtı Astanaya veriləcək.

Yığmamızın məşqçiləri çempionatda ölkəmizi təmsil edəcək heyəti hələ tam açıqlamayıblar. Bununla belə, bəzi çəkilərdə kimlərin çıxış edəcəyini təxmin etmək mümkündür.
Bunlar Avropa çempionları Salman Əlizadə (49 kq), Teymur Məmmədov (91 kq), son illər ümidverici nəticələrə malik olan Şaban Şahpələngov (52 kq), Sinqapurda Yeniyetmələrin olimpiya oyunlarının gümüş mükafatçısı Elvin İsayev (69 kq), Avropa çempionatının bürünc mükafatçısı Qeybətulla Hacıəliyev (64 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynov və Ramil Əliyev (hər ikisi-81 kq), Məhəmmədrəsul Məcidov və Fəqan Ömərovdur (+91 kq).

Ümumdünya Həvəskar Boks Assosiasiyası (AİBA) öz saytında Azərbaycan komandası haqqında geniş məqalə dərc edib. Məqalədə göstərilir ki, dünya çempionatında iştirak edən komandalar arasında ən gənci ev sahiblərinin komandası olacaq. Ən gənc boksçumuz 17 yaşlı Salman Əlizadə artıq İstanbulda Avropa çempionatında qitə çempionatları tarixində ən gənc çempion kimi adını qitə boks tarixinə yazdırıb. 20 yaşlı Emil Axundov da (69 kq), elə bilirik, heyətdən kənarda qalmayacaq. Gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı, “Böyük İpək Yolu” turnirində ikinci olmuş boksçunun döyüşləri böyük maraq doğurur. AİBA-nın bu günlərdə açıqladığı reytinq cədvəlində Salman Əlizadənin adı sıranın əvvəlində yazılıb. Həmin reytinqə görə, Teymur Məmmədov 3-cü, Şaban Şahpələngov 7-ci, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə 12-ci sıradadırlar.

Boks üzrə dünya çempionatının ilk dəfə Bakıda keçirilməsinin başqa bir əlamətdar cəhəti onun müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz günlərə təsadüf etməsidir. Qeyd etməliyik ki, Azərbaycan boksu məhz bu illərdə özünün yüksək sürətli inkişaf yoluna qədəm qoydu və ən böyük nailiyyətlərini də bu illərdə əldə etdi. 1991-ci ildə Azərbaycan müstəqil dövlət kimi AİBA-nın üzvü olduqdan sonra idmançılarımız qitə və dünya çempionatlarında və olimpiya oyunlarında müntəzəm iştirak etməyə başladılar və yüksək nailiyyətlər qazandılar.

Müstəqil Azərbaycanın beynəlxalq arenada ilk qələbəsinə super ağır çəkili boksçu Ədalət Məmmədov imza atdı. 1992-ci ildə Edinburqda (Şotlandiya) gənclərin qitə çempionatında boksçumuz qızıl medal sahibi oldu.
Ondan bir il sonra Rövşən Hüseynov bu nailiyyəti həm gənclər, həm də böyüklər arasında təkrar etdi. 1994-cü ildə isə Rövşən Banqkokda dünya kubokuna sahib oldu.

Bu qələbələr, eləcə də ölkəmizdə idmana olan böyük dövlət dəstəyi dünya boks ictimaiyyətinin diqqətini Azərbaycana yönəltdi. Bakı boks üzrə mötəbər yarışlara ev sahibliyi etməyə qadir olan şəhər kimi tanındı. Burada beynəlxalq turnirlər, qitə və dünya çempionatları keçirildi. 1996-cı ildən başlayaraq, AİBA prezidentinin şərəfinə, 2004-cü ildən ulu öndər Heydər Əliyev memorial turniri keçirilir. A.Ağalarovun xatirəsinə həsr olunmuş gənc boksçuların beynəlxalq turniri yenidən bərpa olundu.

1999-cu ildə Azərbaycan boksu tarixində Bakıda ilk dəfə yeniyetmələrin Avropa çempionatı keçirildi. Orada komandamız 4 qızıl, 1 gümüş və 4 bürünc medalla, Rusiyadan sonra, ikinci yeri tutdu.
İlk olimpiya medalımız isə 2000-ci ildə Sidneydən gəldi. Həmin olimpiya “bürüncü”nün sahibi Vüqar Ələkbərov (75 kq) oldu.

Bundan iki il sonra komandamız Astanada dünya kubokunda planetin 12 ən güclü boks komandası arasında 5-ci nəticə göstərdi. Həmin 2002-ci ildə Permdə (Rusiya) keçirilən Avropa çempionatında Şahin İmranov (52 kq) finalda dünya çempionu rusiyalı Malahbəyova məğlub olaraq, ikinci yeri tutdu.

Boks tariximizin başqa bir yeni səhifəsi 2003-cü ildə açıldı. Banqkokda keçirilən dünya çempionatında Ağası Məmmədov (54 kq) dünya çempionu adına layiq görülən ilk və hələ ki, yeganə boksçumuz oldu. Həmin yarışda boksçularımızdan Tofiq Əhmədov (64 kq) və Ruslan Xairov (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxdılar. Boksçularımız komanda hesabında Rusiya, Qazaxıstan, Kuba və Tailandın daxil olduğu ilk beşliyə düşdü.
2004-cü ildə Afina olimpiadasında fəxri kürsüyə 2 boksçumuz qalxdı. Fuad Aslanov (51 kq) və Ağası Məmmədov (54 kq) olimpiadanın 2 bürünc medalına sahib oldular. Bununla da boksçularımızın olimpiya “bürünc”lərinin sayı 3-ə çatdı.

2005-ci ildə Çinin Myanyanq şəhərində keçirilən dünya çempionatından Elçin Əlizadə (91 kq) və Ramil Amanov (60 kq) gümüş, Emil Məhərrəmov (64 kq) bürünc medalla qayıtdılar.

2006-cı ilin Avropa çempionatında boksçularımız uğurla çıxış etdilər. Plovdivdə dəri əlcək ustalarımızdan Samir Məmmədov (51 kq), Şahin İmranov (57 kq) və Rahib Bəylərov (75 kq) gümüş, Elçin Əlizadə (91 kq) isə bürünc mükafatlara sahib oldular. Samir Məmmədov həmin uğuru bir il sonra Çikaqoda təkrar etdi. 2008-ci ildə Pekin olimpiadasında isə Şahin İmranov boksçularımızın olmipiya “bürünc”lərinin sayını 4-ə çatdırdı.

Bakı indiyə kimi 2 dəfə dünya çempionatının iştirakçılarını qəbul edib. Hər iki yarış yeniyetmələr arasında keçirilib. Birinci dəfə bu, 2001-ci ildə olub. 2007-ci ilin avqustunda keçirilən ikinci yarış, AİBA prezidenti doktor Çinq Kou Vunun özünün etirafına görə, AİBA tarixində ən yaxşı dünya çempionatlarından biri olub. Həmin yarış boksçularımız üçün də uğurla nəticələnib. Onlar 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Boks həvəskarlarımız gələn həftə startı veriləcək böyüklərin 16-cı dünya çempionatından sevindirici nəticələr gözləyirlər. Federasiya rəhbərliyi komandamız qarşısına Londonda tam heyətlə çıxış etmək vəzifəsi qoyub.

Əli FƏRƏCOV

Xəbər 1313 dəfə oxundu.