Gimnastlarımız lisenziya xarakterli dünya çempionatında iştirak edirlər

Azərbaycanın London Olimpiadasına lisenziya qazanan idmançıların sayı bu həftə ərzində gimnastların hesabına da arta bilər. Dünən Fransanın Monpelye şəhərində start götürmüş bədii gimnastika üzrə dünya çempionatında lisenziyalar uğrunda mübarizə gedəcək. Fərdi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə oynanılacaq. Lakin hər bir ölkə ən çoxu iki lisenziya qazana bilər. Qrup yarışlarında London Olimpiadasına 6 lisenziya oynanılacaq.

Olimpiadaya dünya çempionatında vəsiqə ala bilməyən idmançılar gələn il yanvar ayında Londonda keçiriləcək seçmə turnirdə daha bir şans qazanacaqlar.

Monpelyedə keçirilən dünya çempionatında ölkəmizi fərdi yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı; qrup yarışlarında Anastasiya Prasolova, Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkovadan ibarət heyət təmsil edir. Azərbaycan gimnastlarına yığma komandanın baş məşqçisi Marina Vasileva rəhbərlik edir. Ona Dinara Gimatova və Yasena Kuyumciyeva kömək edirlər.

Hakimlər korpusunda Azərbaycanı Natalya Bulanova və Leyla Qəmbərova təmsil edirlər.

Dünya çempionatında fərdi yarışın halqa və topla proqramlarının qalibləri bu gün bəlli olacaq. Digər iki növdə – gürzlərlə və lentlə qaliblər sentyabrın 22-də bilinəcək. Çoxnövçülüyün finalı isə cümə günü olacaq.

Şənbə günü qrup komandaları mübarizəyə başlayacaqlar. Həmin gün komandalar 3 lent/2 halqa və 5 topla çoxnövçülük yarışlarının qaliblərini müəyyənləşdirəcəklər. Bu iki növün hər birinin ayrılıqda finalları isə bazar günü dünya çempionatına yekun vuracaq.

Xəbər 1093 dəfə oxundu.