Səmti ən yaxşı müəyyən edənlər kimlərdir?
Bakı şəhərinin Binəqədi rayonunda (Avtovağzal yaxınlığında yerləşən meşə massivində) səmti müəyyən etmə idman növü üzrə növbəti çempionatı keçirilmişdir. İdman.com.az saytı xəbər verir ki, yarış Vergilər Nazirliyi və Bakı Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Gənclər və İdman Nazirliyi və Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən təşkil olunub.

Yarış açıq keçirilməklə, nəticələr komanda və fərdi olaraq hesablanıb. Əvvəlki illərdə Nabranda (Yalamada) düzənlik ərazilərdə keçirilmiş çempionatlardan fərqli olaraq, bu Respublika Çempionatı təpəli, bəzi yerlərdə dik yoxuşlu, sıldırımli, yarğanlı, çuxurlu və məsafəyə əlavə çətinlik verən digər relyef obyektli ərazidə leysan yağışın altında keçirilib.

Çempionat müvafiq xəritə, eləcə də ilk dəfə olaraq milli mütəxəssislər briqadası tərəfindən təmin olunmuş beynəlxalq elektron qeydolunma sisteminin tətbiqi ilə beynəlxalq standartlara tam uyğun şəkildə keçirilib. Yarış poliqonunun, yarışın təntənəli açılış/bağlanış mərasiminin lazımi avadanlıqla təmin olunmasına şərait yaratmış Binəqədi rayonu İcra Hakimiyyətinin rolu da xüsusilə qeyd edilməlidir. Çünki yarışın açılış mərasimindən öncə başlamış və yarışın sonuna qədər davam etmiş güclü yağış şəraitində keçirilmiş tədbirdə əvvəlcədən hazırlanmış çadırlar, isti çay və buterbrodlar tam yerinə düşmüşdür. Lakin, yağışın yağması, çətin keçilən palçıqlı məsafələr idmançıları kubok uğrunda mübarizə aparmağa əngəl olmayıb. Yarışda ümumilikdə, müxtəlif kateqoriyalar üzrə 188 nəfər idmançı iştirak etmişdir (müqayisə üçün: 2012-ci ildə keçirilmiş respublika çempionatında cəmi 130 nəfər iştirak etmişdi). 188 nəfər idmançıdan 79-u "K (kişi)-21-Elit", 41-i "Q (qadın)-21-Elit", 50 nəfəri kişi/qadın OPEN kateqoriyasının idmançısı və 28 nəfəri JUNIOR üzrə qaçan uşaqlar olmuşdur.

Bundan əlavə, yarışda hazırda Bakı şəhərində yaşayan Finlandiya, Yeni Zellandiya və Hollandiyadan olan xaricilər də iştirak etmişlər. Ümumilikdə, kubok uğrunda Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, təhsil müəssisələrini təmsil edən 15 komanda (komandanın tərkibinə 4 kişi və 2 qadın daxil idi), eləcə də Ukraynanın Azərbaycan Respublilasındakı Səfirliyinin komandası da iştirak edib.

Komandaların əsas mübarizəsi K (kişi)/Q (qadın) - 21 "ELİT" kateqoriyasında olmuşdur. Kişilərin məsafəsi 20 nəzarət məntəqəsindən ibarət 4.1 km təşkil edib. Bununla belə, məsafənin hündürlük toplamı 220 metr müəyyən edilmişdir (bu isə təcrübədə hər iştirakçının 8-9 mərtəbəli bina hündürlüyündə 7 təpə aşması deməkdir). Qadınların məsafəsi 12 nəzarət məntəqəsindən ibarət, 120 metr hündürlük toplamlı 2.9 km təşkil etmişdir. OPEN kateqoriyasında məsafə 11 nəzarət məntəqəsindən ibarət olmaqla 2.2 km olub. Uşaqlar isə 1 km məsafə keçib 11 nəzarət məntəqəsində qeyd olunmalı idilər.

Gərgin mübarizə nəticəsində ümumi komanda birinciliyində yerlər aşağıdakı kimi bölünmüşdür:
1 yer - Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi;
2 yer - Xüsusi Dövlət Mühafizə Xidməti;
3 yer - Fövqəladə Hallar Nazirliyi.

Bütün komanda iştirakçıları Gənclər və İdman Nazrliyinin müvafiq dərəcəli diplomları ilə, eləcə də Binəqədi rayon İcra Hakimiyyətinin təqdim etdiyi qiymətli hədiyyələrlə təltif olunub. Bundan əlavə, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Respublika Çempionatının qalibi kimi fəxri kubokla mükafatlandırılıb.

Fərdi hesabda qalib gəlmiş idmançılar:

* "K (kişi) 21 ELİT" kateqoriyası:
1-ci yer - Aleksandr Mişenko (Ukraynanın Azərbaycandakı Səfiri)
2-ci yer - Şənlik Fətəliyev (AR DİN Daxili Qoşunlar)
3-cü yer - Orxan Şahbazov (Xüsusi Dövlət Mühafizə Xidməti)
* "Q (qadın) 21 ELİT" kateqoriyası:
1-ci yer - Natalya Əliyeva ("Neftçi" İSM )
2-ci yer - Nadejda Manuilova ("Dağçılıq" İdman Klubu)
3-cü yer - Yanina Maşkova ("Dağçılıq" İdman Klubu)

* "OPEN - kişi" kateqoriyası:
1- ci yer - Cavid Süleymanov
2-ci yer Hüseyn Hüseynov
3-cü yer - Seymur Davudov

* "OPEN - qadın" kateqoriyası:
1-ci yer - Tatyana Fedyukina (Ukrayna)
2-ci yer - Rövşanə Babayeva
3-cü yer - Yana Kazımova

Xəbər 1989 dəfə oxundu.