Otüstü hokkeyçilərin ölkə çempionatı başa çatıb
Yola saldığımız həftənin son günləri Azərbaycan çempionatları və birincilikləri başa çatdı. İdman.com.az xəbər verir ki, yüksək dəstəsdə mübarizə aparan kişi otüstü hokkey klublarının açıq çempionatında son tur ərəfəsində turnir cədvəlində çox mürəkkəb vəziyyət yaranmışdı. Rusiyanın Azov şəhərini təmsil edən “Tana” komandası son oyun ərəfəsində 38 xalla I yerə qalxmışdı. Rəqibindən 1 xal geri qalan 5 dəfə Azərbaycan çempionu adını daşıyan “Akkord” isə cəmi 1 gün II yerə enmişdi. Son turda liderlərin əyani görüşü bütün məsələlərə aydınlıq gətirməliydi. Gərgin və maraqlı keçən qarşılaşmada şirkət təmsiçiləri çətinliklə də olsa 3:2 hesabı ilə qələbə qazanmağı bacarıblar.

Çempionatın “Ən sərrast hücumçusu” adına layiq gorülən(32 qol) Saleh Balamiyevin 2 –i, Rüfət Şükürovun isə vurduğu 1 qol “Akkord”-un 6 - cı dəfə qızıl medallara sahib olmasına şərait yaradıb. Həmin gün elə bir prinsipial əhəmiyyət kəsb etməyən “Atasport” (Bakı) –“Şahdağ” (Qusar) matçında çempionatda III yeri vaxtından əvvəl təmin edən paytaxt hokkeyçiləri 2:0 hesabı ilə qələbə qazanmaqla xal ehtiyatlarını 26-ya çatdırıblar. “Şahdağ” 9 xalla IV, aktivində 3 xalı olan “”Gənclik” (Sumqayıt) isə sonuncu-V yeri tutub.

Təntənəli mükafatlandırma mərasimində komandalara tutduqları yerlərə müvafiq diplom, medal və pul mükafatları təqdim olunub. Çempinatın yekununa görə müxtəlif nominasiyalar üzrə ən yaxşı oyunçulara da pul mükafatları verilib. Saleh Balamiyev (“Akkord”) “Ən sərrast hücumçu”, Vladimir Avdonin (“Atasport”) “Ən yaxşı qapıçı”, Kirill Derevyançenko (“Tana”) “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olublar.

Şənbə günü qadın otüstü hokkey komandaları da son turda qarşılaşıblar. Finişə hərəyə 22 xal toplayan “Atasport-2” və “Bakı” komandaları lider kimi gəlmişdilər. Son oyunda “Atasport-2” komandasının autsayder “Sumqayıt üzərində qələbə qazanacağına heç kim şübhə etmirdi. Ancaq “Bakı” klubunun 21 xalla III yeri tutan “Samur” (Qusar) hokkeyçiləri ilə oyunun nəticəsini əvvəlcədən söyləmək çox çətin idi. Doğrudan da “Atasport-2” rəqibini asanlıqla məğlubiyyətə uğradıb-8:1. Lakin, “Bakı” - “Samur” matçı gərgin davam edib. Topa-top prinsipi ilə keçən və 3:2 hsabı ilə bitən görüşdə bakılılar Emiliya Xudiyevanın vurduğu qollarla üç dəfə hesabda irəli çıxsalar da Qusar hokkeyçiləri yalnız 2 dəfə hesabda tarazlıq yarada biliblər. Cavab toplarını rəqib qapısından Günay İsmayılova keçirib.

Yekunda “Samur” çempionatı 21 xalla III yerdə başa vursa da reqlqmentə görə hərəyə 25 xal toplayan “Atasport-2” və “Bakı” komandaları çempionu müəyyənləşdirmək üçün bazar günü “Qızıl oyunda” qarşılaşmalı olublar. Həlledici final qarşılaşmasında Amaliya Həsənovanın vurduğu 3 cavabsız qol “Atasport-2” komandasına ölkə çempionatının qızıl medallarını qazandırıb.

Qadınların yarışında da ümümkomanda mükafatlarından əlavə müxtəlif nominasiyalar üzrə ən yaxşılar təltif ediliblər. Günay İsmayılova ("Samur") “Ən sərrast hücumçu”, “Atasport-2” klubunun üzvləri - Ceyhunə Məhərrəmova “Ən yaxşı oyunçu”, Yelena Əhmədova isə çempionatın “Ən yaxşı qapıçısı” adına layiq görülüblər.

Şənbə günü 18 yaşınadək oğlanlar arasında da Azərbaycan birinciliyinə yekun vurulub. Son turda keçirilən oyunlarda qeydə alınan nəticələr belədir:

“Olimp”(Masallı)- “Təhsil”(Sumqayıt) – 1:5
“Atasport-Binə” – “Astara” – 12:0

“Atasport-Binə” komandası 16 xalla Azərbaycan birinciliyinin qızıl medallarına sahib olub. Rəqibindən 3 xal geri qalan “Təhsil” II yeri tutub. Fiinal mərhələsində keçirdiyi 6 oyundan 6 xal toplayan “Olimp” komandasına III mükafat təqdim edilib. Astara hokkeyçiləri isə medallar uğrunda mübarizədə 1 xal belə qazana bilməyərək sonuncu yeri tutublar.

18 yaşınadək oğlanların yarışında Aqil Məmmədov (“Atasport-Binə”) “Ən sərrast hücumçu”, “Təhsil” (Sumqayıt) komandasının üzvləri – Nazim Alagözov “Ən yaxşı qapıçı”, Kənan Cabbarov isə “Ən yaxşı oyunçu” mükafatına sahib olublar.

Bazar günü 15 yaşınadək oğlanların da yarışı başa çatıb. Son oyun günü qızıl medalları vaxtından əvvəl özünə təmin edən “Akkord” (Sumqayıt) - “Təhsil” (Bakı) matçında heç-heçə qeydə alınıb-2:2. Qusarın “Şahdağ” komandası isə “Atasport-Binə” hokkeyçilərinə 1:0 hesabı ilə qalib gəliblər. Qusar hokkeyçiləri bu qələbə sayəsində 8 xal toplayaraq Azərbaycan birinciliyinin “gümüş”, “Atasport-Binə” isə 6 xalla “bürünc” medallarına layiq görülüblər. Final mərhələsində keçirdiyi 6 oyundan 4 xal toplayan “Təhsil” komandası isə yarışı mükafatsız başa vurub.

Ölkə birinciliyinin yekununda Çikəli Hacıverdiyev (“Şahdağ”) “Ən yaxşı qapıçı”, Kamran Əliyev (“Akkord”) “Ən yaxşı hücumçu”, Elxan Hüseynzadə (“Atasport-Binə”) isə“Ən yaxşı oyunçu”adına layiq görülərək xüsusu mükafat alıblar.

Xəbər 1584 dəfə oxundu.