"Bakı"nın iki futbolçusu əməliyyat olundu
"DÇ-2014"ün seçmə mərhələsinin Rusiya ilə baş tutan (1:1) son matçından sonra “Bakı”nın qapıçısı Kamran Ağayevin dizində mensk yırtığının əmələ gəlməsindən xəbərdarsız.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sırağagün Türkiyəyə yollanan Ağayev dünən “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə əməliyyat olunub.

Xəstəxananın İdman Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya həkimi professor Ömer Taşer tərəfindən reallaşdırılan əməliyyatda futbolçunun yırtıq menskləri kəsilərək götürülüb. Qolkiperin 1 ay futboldan uzaq qalacağı bəlli olub.

Bundan başqa xeyli vaxtdır ki, ambulator müalicə alan komandanın daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada cərrah masasına uzanmalı olub. Əməliyyata isə Ümit Sekmen rəhbərlik edib. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.

Xəbər 1142 dəfə oxundu.