Pantiç: "İmkan versələr, istəyimiz qələbə qazanmaqdı"
Topaz Premyer Liqanın 11-ci turu çərçivəsində “Bakı” klubu sabah “Rəvan”ın qonağı olacaq.

Komandanın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında oyunöncəsi fikirlərini açıqlayıb:

“Azərbaycan Premyer Liqasında asan qarşılaşma görməmişəm. Mən də istəyirəm rahatlıqla qələbə qazanaq. Nəinki “Rəvan”a, heç bir komandaya yuxarıdan aşağı baxmıram. İmkan versələr, istəyimiz qələbə qazanmaqdı. Təbii, burada “Rəvan”ı nəzərdə tutmuram. Ortada başqa nüanslar var ki, bizə maneə törədir. Yaxşı düşüncələrimiz var, daim onu meydana sirayət etdirmək planı cızırıq. Hər bir peşəyə və hər bir insana hörmət edirəm. Amma özümü daha güclü sayıram. Yetirmələrimin də mənim kimi düşünməsini istəyirəm.

İlk dövrədən fərqli indi rəqib komandanı PRO kateqoriyalı Şahin Diniyev çalışdırır. Bilirəm, onun da bizə qarşı hazırladığı taktiki planlar var. Bu gün məni ilk növbədə “Bakı” maraqlandırır, “Rəvan” ikinci yerdədi. Futbolçularıma inanır və qələbə qazanmaq yönündə qorxum yoxdu. Turnir cədvəlinə gəlincə, reallıqda “Qarabağ” və “Neftçi” 7 xal bizdən öndədi. Amma onlarla çempionatın sonuna kimi 3 oyunumuz qalıb. Elə problemlər var ki, gecədən gündüzə həll olunmur. Hazırkı mövqeyimiz səbrlə vəziyyəti öz xeyrimizə dəyişəcəyimizi xarakterizə edir”.

Xəbər 828 dəfə oxundu.