"Bakı" "Rəvan"la oyunun hazırlıqlarını tamamladı
Sabah Topaz Premyer Liqanın 11-ci turunda “Rəvan”ın qonağı olacaq "Bakı" son məşqinə çıxıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu gün oyunöncəsi saatyarımlıq son məşqini keçirib. Saat 11.00-da başlayan hazırlığa isinmə hərəkətləri ilə start verilib.

Futbolçuları çox yükləməyən baş məşqçi Milinko Pantiç ardından əyləncəli əltopu oynamaq tapşırığı verib. Küləkli və soyuq hava şəraitində keçən məşqin digər bölümündə isə komanda üzvləri “kvadrat” oynayıb. Daha sonra qısa və uzaq məsafələrə qaçmaqla yarışan oyunçular son 15 dəqiqədə cinah hücumları üzərində çalışıb.

Zədəsini sağaltmaqla məşğul olan Mario Rubio, Elvin Əliyev və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Yüngül zədəsi olan Ruben Qonsales isə fərdi çalışmaqla kifayətlənib.

Xəbər 931 dəfə oxundu.