"Neftçi" və "Qarabağ" üçün yubiley oyunları
Topaz Premyer Liqasının XI turu Azərbaycan çempionatlarında ən çox oyun keçirən 2 klub üçün əlamətdar olacaq.

Bütün yarışlarda güclülər dəstəsində çıxış etmiş “Neftçi” və “Qarabağ” qarşıdakı turda 600-cü matçına çıxacaq.

22-ci mövsümündə 600-ü “fəth edəcək” hər iki komanda yubiley matçını səfərdə keçirəcək. “Neftçi” “Şəfa”da “Simurq”un, “Qarabağ” isə Lənkəranda “Xəzər Lənkəran”ın qonağı kimi 600-ə çatacaq.

Topaz Premyer Liqasının şərikli liderləri olan yubilyarlar 1992-ci ildən indiyədək keçirdikləri 599 matçın yarısından çoxunda qalib gəlib. “Neftçi” qələbə, qol və xal sayında daha üstündür.

Neftçi (Bakı) 599 363 131 105 1104-399 1220
Qarabağ (Ağdam) 599 314 143 142 856-506 1085

294-cü dəfə səfərdə oynayacaq “Neftçi” öz meydanında da eyni sayda oyuna çıxıb. “Qarabağ” isə öz meydanında 293 dəfə oynayıbsa, 295-ci səfərə yollanacaq. Hər 2 komanda neytral meydanlarda 12 görüş keçirib.

Hər iki komanda ilk matçını 1992-ci ilin mayında keçirib. “Qarabağ” ayın 3-də Sabirabad “İnşaatçı”sı ilə ev oyununda uduzub – 1:2. “Neftçi” isə 5 gün sonra Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, çempionatda ən çox oyun keçirən 3-cü komanda “Turan”dır – 584 matç.

Xəbər 1091 dəfə oxundu.