Daha bir lisenziya və daha bir dünya çempionluğu...
İstanbulda güləş üzrə dünya çempionatı davam edir.
Sərbəst güləşçilərin yarışlarında Azərbaycanı 84 kq çəki dərəcəsində təmsil edən Şərif Şərifov 1/32 finaldan sonra mübarizəyə qoşulub. Şərifovun ilk rəqibi Cənubi Koreya nümayəndəsi Çan-Uk Yun olub. Ona 6:0, 2:0 hesabı ilə qalib gəlmiş Şərifov növbəti mərhələdə Kael Sandersondan (ABŞ) üstün olduğunu göstərib - 3:1, 4:1.

Qazaxıstanlı Ernek Baydauşovla görüşdə 3:0, 3:0 hesablı qələbə isə həmyerlimizin ¼ finala çıxışını təmin edib. Bu mərhələdə iranlı Əlirza Qudarziyə qalib gələn (2:1, 3:1) idmançımız London olimpiadasına lisenziyanı özünə təmin edib.

Yarımfinalda isə rusiyalı Albert Şərifova (3:1, 4:3) qalib gələn Şərif finala yüksəlib. Dünya çempionluğu uğrunda həlledici qarşılaşmada pəhləvanımızın Ukraynanı təmsil edən İbrahim Aldatovla güləşib. Rəqibinə asanlıqla qalib gələn (1:0, 2:0) idmançımız dünya çempionu adını qazanıb.

Bu, İstanbulda güləşçilərimizin qazandığı 4-cü lisenziyadır. Xatırladaq ki, Şərifovdan əvvəl bu yarışlarda Rövşən Bayramov, Saman Təhmasibi və Mariya Stadnik də London Olimpiadasına lisenziya qazanıblar.

Xəbər 999 dəfə oxundu.