Futbol ancaq transfer bacarığından ibarət olmamalıdır
İndidən qış fasiləsini gözləyirik

Yeni formatda keçirilən milli futbol çempionatının yüksək divizionunda dörd dövrəli yarışın ikinci hissəsi başlandı. Söz yox ki, yarışın dörddə üç hissəsi hələ qarşıdaykən, sadəcə, birinci dövrənin yekunları əsasında yalnız ilkin qənaətdən danışmaq olar.
İlk öncə onu qeyd edək ki, 4 dövrədən ibarət turnirə klublarımızın tam hazır olmadığı məlumdur. Bununla belə, hazırlığın həddindən, səviyyəsindən asılı olmayaraq, yarış davam etməlidir. Əsas diqqət çəkən məqam komandaların qeyri-sabitliyidir. Oyunda qeydə alınan nəticədən asılı olmayaraq, sabitlik hər bir komandanın uzun marafona hazırlığının başlıca şərtidir. Bu hazırlıq, ilk növbədə, mərhələ-mərhələ fiziki kondisiyanın artırılmasında əksini tapmalıdır. Qalan məsələlər isə fiziki hazırlığın templərinə uyğun olaraq futbolçuların funksional, taktiki hazırlığına köklənməlidir. Əfsuslar olsun ki, peşəkar əsaslarla idarəetmə olmadağından, ən vacibi, futbolçuların öz işinə bu tərzdə yanaşmamasının nəticəsidir ki, bu kimi hal müşahidə olunur.

Futbolçularla bağlı məsələni həll etməyə təkcə klublar deyil, eyni zamanda, federasiya və futbol liqası da kömək etməlidirlər. Oyunçu limitindən tutmuş, futbolçuların transferinə, skautçuluq-menecerlik məsələlərinə qədər bəzi qaydaların aydın olunması vacibdir. Futbol funksionerlərinin vəzifələrinin bilinməsi, təyin edilməsi və bu məsələlərə ciddi nəzarət problemin köküdür. Bu gün klublarda, federasiyalarda, liqalarda az qala hər imkanı olan futbolçu alqı-satqısı ilə məşğuldur. Pərdəarxası dedi-qoduların təməlində hər zaman bu məsələlər xüsusi yer tutur. Onun qarşısının alınmasında isə tam şəffaflıq yaradılmalıdır. Menecerlik işinin FİFA-nın tələblərinə yaxınlaşdırılması halında bu məsələlər, zənnimcə, müəyyən mənada, həllinə doğru addım olacaq. Əlbəttə, bununla da vəziyyət düzəlməyəcək. Lakin AFFA bəzi lokal qərarları ilə bu məsələlərə təsir göstərə bilər. Çünki bu problem bəzi hallarda yarışın ədalət prisniplərinə də təsirini göstərəcək.
Qeyd etdiyimiz məsələ klubların formalaşmasında, onların bəzən onilliklərlə dəyişməyən simasının müəyyənləşməsində həlledici rol oynasa da, əlbəttə, günün gördüyümüz mənzərəsinin aynasından da söz açmalıyıq.

10-cu turdan qeyd edəcəyimiz bəzi məqamlar klubların yeni mövsümdəki natamamlıqlarının, həm də elə klubların oyunçu seçimindəki nöqsanlarının əyani göstəricisi sayıla bilər. Bundan əvvəlki tur «Bakı» ilə oyunun taleyini ilk hissədə həll etmiş, Sumqayıtda isə elə oyunun başlanğıcından axarı da bəlli edən «Qarabağ» digər rəqiblərinə nəzərən daha məqbul heyət formalaşdırıb. Lakin bu heyət Avropa miqyasında dayanıqlı oyun göstərmək üçün yetərli sayıla bilməz. Komandalar, bir qayda olaraq, oyunçunu daha yüksək səviyyə üçün əldə edirlər. Heyətdəki kəm-kəsirləri düzəltmək üçün transferdən söz düşərsə, onda bizim komandaları başdan-ayağa dəyişmək lazımdır. Bununla belə, ağdamlıların həm «Bakı», həm də «Sumqayıt»la matçda taktiki baxımdan tam qənaətbəxş oyun göstərdiyini söyləmək olar. Komanda ona verilən bütün fürsətlərdən tam yararlandı. Əlbəttə, «Bakı»da işə yanaşmadan tutmuş, tam fərqli oyun forması və məzmuna nail olmaq isətyən yeni sükançının da niyyətindən çox uzaq olduğunu söyləmək olar. Bunun üçün bəzi mental dəyişikliklərin vacibiliyini vurğulamaq lazımdır. Lakin elə bu məşqçinin özü də oyunçu planında hələlik gözlənilən addımları atmayıb. Onun taktiki baxışlarının Azərbaycan çempionatı üçün natamamlığı AzAL-la görüşdə aydın sezilirdi. Yekun nəticə elə bu mənada daha çox «təyyarəçilər»in əleyhinə qiymətlədirilə bilər.
Çempionatın birinci dövrəsinin sonuna doğru turnir cədvəlində gözlənilən sıralamaya yaxın düzülüşün formalaşmasını da qeyd etməliyik. Xüsusən də, son iki pillədə mövsümə ən zəif hazırlıqda olan klubların möhkəmlənməsini və turdan-tura bunun daha kəskin forma alacağını deyə bilərik. Ötən tur yenidən baş məşqçisini dəyişmiş, lakin bu dəfə nədənsə ənənəvi sükançılar arasında qalaqurma etməyərək, Şahin Diniyevlə anlaşmış «Rəvan» bəlkə də «Neftçi»yə qarşı bir qədər də tab gətirə bilsəydi, ümumi vəziyyəti düzəltmək üçün psixoloji stimul qazana bilərdi. Bununla belə, komanda yəqin ki, qış fasiləsini gözləməli olacaq. Ondan sonra dəyişməyin isə yalnız sonuncu yeri tutmamaq üçün əhəmiyyətindən söz aça bilərik.

Çünki onun turnir qonşusu olan «İnter» elə «Qəbələ» ilə matçda da göründüyü kimi, avazından, təbindən düşsə də, potensial imkanlarına görə hələ də böyük şansını qaçırmayıb. Komandaya, prinsipial rəqiblərdən çox geri qalmamaq şərti ilə, qış fasiləsinə qədər davam gətirsə, bəlkə də dəyişikliklərin effekti oldu.
Göründüyü kimi, ikinci dövrə yenicə başlasa da, artıq qış fasiləsi dövründən söz açmağa girişmişik. Əfsuslar ki, dörd dövrəli çempionat üçün bu da ən arzuolunmaz hal və mənzərədir. Əsas səbəb çempionatda reqlament və format müəyyənləşdirənlərin özlərinin də bu fərqlərdən elə də dərin biliklərinin olmamasıdır. Ümumən, bu tip yarış formaları həm maliyyə, həm də klub futbolunun digər formalaşma imkanları baxımından, lap açıq söyləsək, “qısır çempionat”lara xas olan bir formadır. Azərbaycanda isə bir çox üsulların tətbiqi imkanları var və bu fürsətdən geniş istifadə olunmalıdır.

Bir vaxt klub qurmaq imkanı olanlara birbaş yüksək diviziona qatılmaq imkanı verildi. O vaxt üçün bu, doğru addım idi. İndi isə ölkədə klub formalaşdırılması prinsipləri üçün davamlı addımlar atılmalıdır. Get-gedə maliyyə şərtləri çətinləşən bir çempionatda klub saxlamaq elə də asan məsələ deyil. Məhz buna görə AFFA bəzi qərarlarında klubları dəstəkləməli və onları ilkin baza anlayışı üzərində qurmağa cəhdlər etməlidir. Halbuki ötən illərdə «Karvan», «MTK Araz», «Abşeron» və s. kimi «hay» deyə-deyə gəlib, «vay» ilə gedən klubların taleyi bu gün futbol təşkilatçılarına dərs olmalıdır. İndi birinci diviziondakı alayarımçıq yarışda İmişli, Yevlax kimi az-çox futbol infrastrukturuna malik komandalar yerində çabalayır. Bu sıraya Gəncə, Tovuz, bir vaxtlar ənənəsi olan Mingəçevir, Qusar kimi şəhərləri də əlavə etmək olar.

Ümumən, bu gun olimpiya idman kompleksi olan hər bir şəhərdə futbolu təməldən inkişaf etdirmək üçün AFFA hər bir şəraitdən istifadə edə bilər. Layihələrin təməlində məhz bu prinsiplər dayansa, ardıcıl proqram tətbiq olunsa, cəmi 3-5 ilə istənilən nəticəyə çatmaq mümkündür. Foqtsun söylədiyi yarımçıq layihələr isə heç vaxt bəhrəsini verməyəcək. Çünki o, əslində, baş məşqçi postunda daha miqyaslı iş görməyə can atmaq əvəzinə, yalnız millinin oyunundan-oyununa Azərbaycanda görünməyə üstünlük verir. Ümumiyyətlə, AFFA-da futbolu futbolçu, ya məşqçi, ya ictimai xadim kimi bilən deyil, proqram və layihələrdən anlayışı olan şəxslərin fəaliyyətinə kəskin ehtiyac var. Çünki hər gələn sonda seleksiyaçı xislətli olacaqsa, bunun sonunda milli komandaya da ölkə kənarından oyunçu axtarmaq kimi bir vərdiş yaranacaq və nəticədə, bu ölkədə futbol indiki kimi daim yerində çabalayacaq.

BATI YAR, «İdman» qəzeti

Xəbər 1117 dəfə oxundu.