Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev and içdi

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.

2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. Ölkə vətəndaşlarının səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək son illərdə ölkəmizdə demokratik proseslərin uğurla getdiyini, prezident seçkilərinin azad və şəffaf keçirildiyini bildirdilər.
Azərbaycan vətəndaşları yenidən öz səslərini İlham Əliyevə verdilər. Seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 5 il müddətinə Prezident seçildi. Əslində, Azərbaycan xalqı son 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs verdi. Çünki son 10 ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son 10 ildə müasir müstəqil Azərbaycanın devizinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss etməyə başladı. Çünki Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandı.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə və sürəkli alqışlarla qarşıladılar.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içdi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.

X X X

Azərbaycan Respublikasının dövlət bayrağı və Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) səhnədən aparıldı.
Bununla da andiçmə mərasimi başa çatdı.

AzərTAc


Xəbər 6751 dəfə oxundu.