Dodo Premyer Liqanın «ən yaxşısı»dır

“Qəbələ”yə 2011-2012 mövsümü öncəsi qoşulan Luis Hilario Dodo “Futbol+” qəzetinin çempionatın arxada qalan 5 turuna görə «ən yaxşı» futbolçuların qiymətləndirmə sıralamasında ilk pilləyə yerləşib. Premyer Liqanın startından bu yana bütün oyunları yüksək səviyyədə keçirən braziliyalı 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dodo Azərbaycanda cəmi iki aya yaxın müddətdir olmasına baxmayaraq, ölkəmizə, Qəbələyə və komandaya uyğunlaşmaqda hər hansı bir problem yaşamayıb. Braziliyalının fikrincə, bütün uğurları kollektiv ilə bağlıdır:

- Düzünü desəm, bu mənim üçün gözlənilməz oldu. Bu uğur məndə özünəinamı artırır və qürur hissi duyuram. Lakin nəticənin belə alınmasını təkcə özümlə bağlamazdım. Futbol individual deyil, kollektiv oyunudur və uğurlarda bütün komanda yoldaşlarımın əməyi var. Hazırda məni maraqlandıran “Qəbələ”nin uğur qazanmasıdır və birinci yerə yüksəlməsidir.

Dodo ölkəmizdən və klubda yaradılan şəraitdən razıdır:

- Azərbaycan və onun insanları barədə yalnız foş sözlər söyləyə bilərəm. Düzdür, mənim əvvəl futbol oynadığım ölkələr adət-ənənələrinə, insanlarına və yaşayış tərzlərinə görə fərqli olublar. Məsələn Xorvatiyada olanda əsasən, qızlarla dostluq edirdim. Amma burada tam fərqlidir. Buna baxmayaraq, uyğunlaşmada çətinlik çəkmədim. Azərbaycanda hal-hazırda futbola yanaşma da, maraq da günü-gündən dəyişir. Bizim gözəl bazamız, meydançalarımız, futbol oynamaq üçün hər cür şəraitimiz var. Amma bu Xorvatiyada belə deyildi. Orada futbola sərmayə ayırmırdılar, şərait yüksək səviyyədə deyildi.
Bu mövsüm məqsədimizə çatmaq üçün - komandamızın Avropaya vəsiqə qazanması üçün əlimdən gələni əsirgəməyəcəm. Kollektiv olaraq bu mövsüm qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gələcəyimizə inanıram.

Xəbər 965 dəfə oxundu.