«Arsenal» Mesutla çempionluğa yaxındı»
London «Arsenal»ının keçmiş fransız ulduzu Rober Pires Mesut Özilin də tərkibində olduğu «topçular»ın bu mövsüm çempion ola biləcəyini söyləyib. İngilis «Daily Star» qəzetində verilən xəbərə görə, Pires «Real»dan transfer edilən Özilin komandaya çox böyük faydası olacağını vurğulayaraq alman millisinin futbolçusu haqqında yüksək fikirlərini bildirib. Pires «Arsenal»ın bu mövsüm Mesut Özillə birlikdə çempionluğu əldə edəcəyinə inandığını söyləyib:

«Arsenal»da gənc oyunçular artıq təcrübə qazanıb. Baş məşqçi Arsen Vengerin rəhbərliyi altında Mesut Özilin də tərkibində olduğu bu heyətin çempion olması çətin deyil. Özil çox yaxşı bir futbolçudu. Alman millisində forma geyinir. «Real»da oynayıb. İndi də «Arsenal» üçün top qovur. Təcrübəli bir futbolçudu. «Arsenal»a böyük uğurlar qazandıra bilər».
«Arsenal»ın Premyer Liqada qalib olacağına inanan Pires, klubun Çempionlar Liqasını qazanmasının isə daha zəif bir ehtimal olduğunu söyləyib.

«Arsenal» fanatlarının 9 ildir çempionluğa həsrət qaldığını vurğulayan fransalı keçmiş futbolçu deyib: «Hazırda komanda daha çox liqaya və çempionluğa köklənib. Premyer Liqa çempionu olmaq daha əhəmiyyətlidi».

Xəbər 1055 dəfə oxundu.