AİBA Azərbaycan milli komandasından yazdı

AİBA-nın rəsmi saytında boks üzrə Azərbaycan milli komandası haqda yazı dərc olunub. İdman.com.az xəbər verir ki, dünya çempionatında 9 idmançı ilə mübarizə aparacaq yığmamızın liderləri qismində Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq) göstərilib: “1993-cü ildə anadan olan hər iki boksçu çox gənc olsalar da, artıq böyüklər arasında Avropa çempionudurlar. 2010-cu ildə gənclər arasında dünya birinciliyinin qalibi olan Əlizadə Ankarada Avropa çempionatlarının ən gənc qızıl medalçısı kimi adını tarixə yazdırdı. Türkiyədə fəxri kürsünün ən yüksək pilləsinə qalxan hər iki idmançı Bakıda da uğurlarını davam etdirməyə çalışacaqlar”.

Sonra komandamızın gənc olmasına baxmayaraq, güclü olduğunu vurğulayan sayt, boksçularımızın Rusiya ilə birgə Çefov şəhərində təlim-məşq toplanışında olduğunu da xatırladıb: “Azərbaycanın 52 kq çəki dərəcəsi ilə də bağlı böyük ümidləri var. 2010-cu ildə böyüklər arasında Avropa çempionatınn gümüş mükafatçısı, gənclər arasında qitə birinciliyinin qalibi, 20 yaşlı Elvin Məmişzadə (52 kq) çəkisini artırsa da, o, doğma divarlar arasında azarkeşləri sevindirməyə çalışacaq.

WSB liqasında “Baku Fires” klubunun heyətində yer almış Rəhim Nəcəfov (56 kq) 2005-ci ildən milli komandaya cəlb olunur. Onun 23 yaşı olmasına rəğmən, beynəlxalq arenada yetərincə təcrübəsi var.

Yeniyetmələrin olimpiya oyunlarının gümüş mükafatçısı və gənclər arasında dünya birinciliyinin bürünc medalçısı Elvin İsayev (60 kq) yeni çəki dərəcəsinə keçsə də, onun buna uyğunlaşması üçün kifayət qədər vaxtı olub. Strandja turnirində kubalı PanAmerika oyunlarının qalibi Toledo Yasnieri məğlub edən İsayev Azərbaycanın gizli silahı ola bilər.

20 yaşlı Heybətulla Hacəliyev (64 kq) 2009-cu ildə gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olduqdan sonra bu il Ankarada böyüklər arasında eyni uğuru təkrarladı. Hacəliyev Bakıda da mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq.

Emil Əhmədov (69 kq) gənclər arasında qitə birinciliyinin bürünc və “Böyük İpək Yolu” turnirinin gümüş mükafatçısıdır. Amma yəqin ki, o, dünya çempionatında təsrübəsini artırmaq haqda düşünəcək.

81 kq çəkidə mübarizə aparan Ramil Əliyev bir neçə ay bundan öncə “Böyük İpək Yolu” turnirində Rusiya boksunun super ulduzu Yeqor Mefontsev üzərində inanılmaz qələbə qazanmışdı. O, da Bakıda böyük ümidlərlə mübarizə aparacaq.

Nəhayət, WSB liqasının fərdi yarışlarında 2-ci olmuş Məhəmmədrəsul Məcidov (+91 kq) ilk dəfə dünya çempionatında iştirak etmək imkanı qazanacaq”.

Qeyd edək ki, AİBA bu yazını hazırlayarkən, ilkin heyəti əsas götürüb. Dünya çempionatına kimi milli komandamızın heyətində hər hansı dəyişikliyin olması istisna edilmir.

Xəbər 1210 dəfə oxundu.