Prezident İlham Əliyev Şamaxıda Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub

Sentyabrın 13-də Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada yenidənqurma işlərinə ötən il başlanıb. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir.
Bildirildi ki, kompleksin böyük idman zalında da yenidənqurma işləri aparılır, burada idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaq. Üzgüçülük hovuzunun tavanı iki metrədək qaldırılıb. Dam örtüyünün metal konstruksiyaları dəyişdirilib. Hovuz yeni müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda havalandırma və sutəmizləyici qurğular quraşdırılır.
Dövlətimizin başçısı burada inşası nəzərdə tutulan “Olimpik” hotelinin görüntülərini əks etdirən filmə baxdı və perspektiv planı ilə tanış oldu.
Məlumat verildi ki, kompleksdə məşqlər üçün 1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans zalları və sauna qurulacaqdır. Ərazidə yerləşən oyun meydançalarının hamısının örtükləri dəyişdirilir.
Azərbaycan Prezidenti stadionla tanış oldu. Bildirildi ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılmışdır. Burada altıcərgəli yeni qaçış zolağı da salınır.
Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaq.
Bildirildi ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Görülən yenidənqurma işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək 6 hektara çatdırılıb.
Prezident İlham Əliyev görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi.

AzərTAc

Xəbər 2609 dəfə oxundu.