"Atasport” klubu ikinci pilləyə qalxdı
Cümə günü otüstü hokkey üzrə sayca XII açıq Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparan kişilərdən ibarət klublar növbəti turun oyunlarını keçiriblər. Ötən mövsümün gümüş mükafatçısı “Atasport” və bürünc medalların sahibi “Şahdağ”(Qusar) komandaları qarşılaşıb. Gərgin və maraqlı keçən görüş 3:2 hesabı ilə paytaxt hokkeyçilərinin xeyrinə qurtarıb. İlk olaraq Yalçın Qayıbov qusarlıları hesabda irəli çıxarıb. Həmin qoldan 3 dəqiqə keçmiş Sahib Mirzəyev cavab topunu vurub. Birinci hissənin son dəqiqəsində Yalçın Qayıbov qırmızı vərəqə alaraq komandasını matçın axırına qədər 1 nəfər azlıqda qoyub. Fasilədən sonra Kənan Şirinov “Atasport”u hesabda irəli çıxarıb. Lakin az keçmiş Anar Pirsaatov “Şahdağ”ın bərabərlik qolunu vurub. Matçın başa çatmasına 2 dəqiqə qalmış Ruslan Kargin paytaxt hyokkeyçilərini hesabda irəli çıxarıb və bu qol oyunda sonuncu olub.

Ölkəmizin 21 yaşınadək oğlanlardan təşkil olunan Sumqayıtın “Gənclik” və ölkə çempionu “Akkord” klubları arasındakı görüşdə şirkət təmsilçiləri rəqiblərindən kifayət qədər güclü olduqlarını böyük hesablı qələbə ilə sübuta yetiriblər. Həmin oyunda daha təcrübəli “Akkord” Sumqayıt təmsilçisini 8:1 hesabı ilə məğlubiyyətə uğradıb. Rəqib qapısına Rauf Şükürov 3, Pərvin Ağayev və Əli Vəliyev hərəyə 2, Sənan İsmayılov isə 1 top vurub. Sumqayıt hokkeyçilərindən isə Şahin Atakişiyev fərqlənib.

Cümə günü keçirilən oyunlardan sonra “Akkord” 24 xalla yarış cədvəlinə başçılıq edir. Rusiyanın Azov şəhərini təmsil edən “HK Tana” hələlik yarışa qoşulmadığından “Atasport” bu günkü qələbədən sonra xal ehtiyatını 20-yə çatdıraraq II yerə qalxıb. Birinci dövrəni 19 xalla lider kimi başa vuran Rusiya hokkeyçiləri III yerə eniblər. “Şahdağ” 6 xalla 4-cü yeri tutur. “Gənclik” komandası isə 3 xalla sonuncu-V yerdədir.

Yüksək dəstədə növbəti oyunlar oktyabrın 11-də keçiriləcək.

Xəbər 2772 dəfə oxundu.