“Doğru addımı Azərbaycana yaşamağa gələrkən atdım”
28 avqust - 4 sentyabrda Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatında 7-ci yeri tutmuş Nataliya Mustafayeva London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış ilk azərbaycanlı qadın avarçəkən oldu. Eyni zamanda o, ölkəmizin Olimpiadaya vəsiqə əldə edən 3-cü xanım idmançısıdır.
Mustafayeva dünya çempionatında əsas finala yüksələ bilməsə də, «B» finalında rəqiblərini böyük fərqlə qabaqlayaraq, olimpiya lisenziyasını təmin edib. Amaf.az saytına müsahibəsində Nataliya son dünya çempionatı barədə təəssüratlarını bölüşüb:

- İlk növbədə, böyük məmnunluq hissləri keçirirəm. Amma hansısa böyük emosiyaların olduğunu deməzdim. Fikrimcə, medal qazansaydım, bax, onda emosiyalarımın həddi-hüdudu olmazdı. Hələliksə, məmnunluq hər şeyi düzgün etməyimiz, qarşıya qoyulan məqsədlərə doğru addım-addım getməyimizlə bağlıdır. Bu, borcun yerinə yetirilməsi hissidir.

- Dünya çempionatı necə keçdi?

- İlk növbədə, yarışın çox gözəl məkanda təşkil olunduğunu qeyd edərdim. Bu amil böyük qüvvə və müsbət emosiyalar bəxş edirdi. Bildiyiniz kimi, dünya çempionatında 4 yürüşüm oldu. Onların 2-də yarım qüvvə ilə çıxış etdim. Yalnız ona görə ki, növbəti mərhələyə yüksəlim. Həlledici yürüşlər naminə gücümə qənaət etdim. Mənim üçün ən ağırı sonuncu yürüş oldu. Çünki məhz o, olimpiya lisenziyası alıb-almayacağımı həll edirdi.

- Bununla belə, son yürüşdə Siz demək olar ki, ilk metrlərdəcə liderliyi ələ keçirdiniz və sonadək əldən vermədiniz?

- Son yürüş boyu vəziyyətə tam nəzarət edirdim. İş ondadır ki, mənim sprinter keyfiyyətlərim digər idmançılarınkından yüksəkdir, amma stayer keyfiyyətlərim zəifdir. Həlledici yürüşün əvvəllərində sprinter keyfiyyətlərimdən yararlandım. Əvvəldən irəliyə atılmaq və sonradan birinci yeri qorumaq istəyirdim. Məsələn, finişə ikinci çatan Rusiya təmsilçisi ilk 500 metrlikdə mənə 2 saniyə uduzurdu. Sonadək bu fərq saxlanıldı. Yəni, yürüş üçün seçilmiş taktika özünü tam doğrultdu.

- Yeri gəlmişkən, akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rudiger Hauffe saytımıza bildirib ki, olimpiya lisenziyasına doğru ilk addımı Azərbaycan yığmasına keçdiyiniz vaxt atmısınız...

- Mən də belə hesab edirəm. İş ondadır ki, əvvəllər 2 nəfərlik və 4 nəfərlik qayıqlarda çıfış edərkən, 1 nəfərlik qayıqla iştirak təcrübəsinə malik deyildim. Azərbaycanda isə mənə belə imkanı verdilər və bunun üçün bütün lazımi şəraiti yaratdılar. Ona görə də Azərbaycan avarçəkməsinə rəhbərlik edənlər və azarkeşlərin ümidlərini doğrulda bildiyim üçün şadam. Cari mövsümün gedişində hiss edirdim ki, artırıram. Görürdüm ki, inkişaf edirəm. Dünya Kubokunun II və III mərhələlərində finala çıfdım, dünya çempionatında olimpiya lisenziyası qazandım. 1-nəfərlik qayıqla ilk dəfə çıxış etdiyim Dünya Kubokunun I mərhələsində 11-ci yeri tutdum. Sonrakı hər bir reqatada isə daim artırdım. Beləliklə, bu qayıq tipində yarış təcrübəsi topladım. Bütün bunlar yekunda lisenziyanın qazanılmasına gətirib çıfardı. Xüsusilə qeyd etmək istərdim ki, beynəlxalq arenada uğur əldə etmək üçün AMAF tərəfindən mənə bütün lazımi şərait yaradılmışdı. Halbuki əvvəllər avarçəkmə ilə məşğul olduğum illər ərzində heç vaxt belə şəraitim olmamışdı.

- Başqa sözlə, Siz öncədən də 1-nəfərlik qayıqla çıxış etməyə can atırdınız...

- Azərbaycana yaşamağa gələrkən, mən bu hədəfə çatmağa çalışırdım. Həmişə məhz 1-nəfərlik qayıqla çıxış etməyi daha çox istəmişəm. 11 il atletika ilə məşğul olmuşam və özüm üçün çalışmağa öyrəşmişəm. Avarçəkmə ilə məşğul olmağa başlarkən, komanda işində çətinliklər hiss edirdim. Məni 2-nəfərlik və ya 4-nəfərlik qayığa qoyduqları vaxt digər idmançılarla əməkdaşlıq etməyim çətin idi. Çünki həmişə elə gəlir ki, tərəfdaşın səndən az avar çəkir, səndən az qüvvə sərf edir və ya nəyisə lazımi qaydada etmir. Ona görə də heç kimdən asılı olmamaq üçün həmişə təkcə mübarizə aparamaq istəmişəm. Əgər bu, qələbədirsə, deməli, mənim qələbəmdir, məğlubiyyətdirsə, mənim məğlubiyyətimdir. Ekipaj şəklində çıfışlarda isə uğura mane olan çoxlu subyektiv faktor var.

- London olimpiadasına hazırlıq üçün hansısa hazırlıq planınız var?

- Müəyyən fikirlər mövcuddur. Xüsusən, Azərbaycan yığmasının baş məşqçisi ilə orta dağlıq ərazidə - 2000 metr hündürlükdə təlim-məşq toplantısı keçirməyi planlaşdırırıq. Elmi cəhətdən sübut olunub ki, dağlarda məşqlərdən sonra düzənlikdə insana böyük qüvvə əlavə olunur, iş qabiliyyəti artır. Bu səbəbdən, London olimpiadası öncəsi gələn il üçün məşq planının tərtib olunduğu vaxt bu məqam nəzərə alınacaq.

Xəbər 1402 dəfə oxundu.