Qolf federasiyasının açılışı olub
Bu gün Azərbaycan Qolf Federasiyasının (AQF) inzibati binasının açılışı oldu. İdman.com.az saytı xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, AQF-in prezidenti Anar Məmmədov, MOK-un vitse-prezidenti Xəzər İsayev, olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftəhəddinova, Elnur Məmmədli, millət vəkilləri Adil Əliyev, Rauf Əliyev və digər rəsmilər iştirak etdilər. Qonaqlar qolf idmanı haqqında məlumat alıb, binada yaradılan infrastrukturla tanış oldular. Sonra idman ictimaiyyəti yeni yaradılmış Qolf Akademiyasına baş çəkdilər. Orada qonaqlara akademiya haqqında geniş məlumat verildi.

Qeyd edək ki, binasının tikintisinə ötən ilin aprelindən başlanılıb. Akademiyanın ümumi sahəsi 2400 m2-dir. Tikinti zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Binada yeraltı parkinq, soyunma otaqları, duş, iki qolf simulyator otağı və müştərilər üçün kafe fəaliyyət göstərir. Azərbaycan Qolf Federasiyası da qeyd olunan binada yerləşir. Xeyli muddətdir ki, AQF Bakı məktəblərində SNAG keçirib və 1000 nəfər orta təhsilliyə qolf oynamağı öyrədib.

SNAG abreviaturası – “Start New At Golf” olaraq açılır və qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum insanlara təqdim edilməsi layihəsidir. SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.

Açılış mərasimdə çıxış edən AQF-in prezidenti Anar Məmmədov Qolf Akademiyasının açılışının bütün Azərbaycan üçün və ölkə idmanı üçün əlamətdar bir hadisə olduğunu vurğuladı:

- Bir neçə gün öncə cənab Prezident İlham Əliyev Qubada, regionun ən böyük qolf meydançasının açılışında iştirak etmişdi. Bu gün isə biz Qolf Akademiyasının açılışına toplaşmışıq. Bunlar Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən köklü islahatların real nəticələridir. Bu islahatların bölgələri də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir. Milli Qolf Akademiyası isə peşəkar qolfçuların və qolf həvəskarlarının hazırlanması üzrə aparıcı mərkəz olacaq.

Gənclər və idman naziri Azad Rəhimov, öz növbəsində, qolf idmanının faydasından danışdı. Dedi ki, bu idman növü «olimpiya ailəsi»nə daxildir. Bunun üçün qolfa diqqəti ikiqat artırmalıyıq. Sitat:

- 2 ildir qolf olimpiya prorasmına salınıb. Bizdə bu idman növü yeni yarıdılıb. Artıq beynəlxalq federasiyanın üzvüyük. Sevindiricidir ki, Quba və Bakıda qolf meydançaları istifayədə verilib. Bu, qısa müddətdə böyük uğurdur.
Qolfun bir üstünlüyü ondadır ki, onunla hamı məşğul ola bilər. İşlər bundan sonra da peşəkar istiqamətdə aparılsa, Rio-2016-ya lisenziya qazana bilərik. Düzdür, hələ uğurdan danışmaq tezdir. Amma olimpiadada iştirakın özü böyük nailiyyətdir.

Akademiya ərazisinə 2 qolf simulyator daxildir. Sport Coach Systems şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Qolf sevənlər üçün bu simulyatorlar vasitəsilə 130 virtual qolf meydançasında qolf oynaya imkanı var və həmin qolf meydançalarının 28-i Avropa çempionatlarının keçirildiyi sahələrdir.

Qeyd olunan meydançalar içində Quba qolf sahəsi də var. Arzu edənlər burada duraraq, Böyük Britaniyada və ya başqa ölkədə, o cümlədən Qubadakı qolf meydançasında qolf oynaya bilər. Bu simulyatorlar təlim, tədris, test və qolf inventarının seçimi üçün ideal avadanlıqlardır.
Akademiyanın ərazisində həmçinin “Championship 8 hole mini golf” konsepsiyasında dizayn edilmiş və son nəsil sintetik ot örtüyündən ibarət qolf meydançası yerləşir. Meydançada PGA (Professional Golf Association) dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir. Bundan başqa, bazanın meydançası qolf oynamaq istəyənlər üçün də açıqdır.

Meydançanın ümumi sahəsi 14,000 m2-dir ki, onun 6,700 m2 Hollandiya istehsalı olan sintetik otla örtülüb. Ümumilikdə, kompleksin dizaynını Niderlandın dünyaca məşhur “European Golf Group” şirkəti hazırlayıb. Meydançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirmək üçün xüsusi təlim sahəsi olan “Driving range” yerləşir. Bu sahə topu saxlamaq üçün 24 metrlik xüsusi divarla əhatələnib. Yeni məşğul olanlar adətən, təlimə məşq meydançasında başlayırlar və bundan sonra qolf meydançasında qolf oynaya bilərlər.

Kamran HACI

Xəbər 4531 dəfə oxundu.