Sergey Bezuqlı: “Gələn dəfə mütləq bəxtim gətirməlidir” - MÜSAHİBƏ
2012-ci il London Yay Olimpiya Oyunlarında kanoeçilərimiz arasında Sergey Bezuqlı – Maksim Prokopenko dueti medal qazanmağa çox yaxın idi. 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bu duet son 250 metrlik bölümə daxil olarkən, bütün rəqiblərindən öndə idi. Amma yekunda onlar nəinki liderliyi, hətta bürünc medal şanslarını da əldən verdilər və 4-cü yerlə kifayətləndilər. Olimpiadanın ardından bir müddət istirahət edən Bezuqlıy bu mövsüm bir neçə yarışda iştirak edib.

Onun duet ortağı da dəyişib. İndi təcrübəli kanoeçimiz özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə hazırlıq keçir. Onlar hətta Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləməyi bacarıblar. Çempionatı 5-ci yerdə başa vurmuş Bezuqlıy Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində çıxışından razılıq ifadə edib:

- Mövsümü necə dəyərləndirə bilərdiniz?
- Hər şey normaldır. Bu mövsüm üçün böyük planlarım yox idi.

- Çıxışlarınızdan razısınız?
- Bəli. Özüm də gözləmirdim ki, belə çıxış edə bilərəm. Çünki hazırlıq prosesindən 7 ayadək kənarda qalmış və duet ortağımı dəyişmişdim. Uzun müddətdir birgə çıxış etdiyim Maksim Prokopenkonu Aleksey Kupin əvəzləmişdi.

- Bəs bu dəyişiklik çıxışlarınıza necə təsir etdi?
- Elə də təsir etmədi. Sadəcə, Kupinlə birgə hazırlığımız az oldu. Yeni duet ortağım cəmi 18 yaşında olsa da, bu il yeniyetmələr arasında Avropa çempionatını 2 bürünc medalla başa vurub. Deyə bilərəm ki, çox yaxşı və perspektivli oğlandır.

- Onunla böyük hədəflərə çatmağı mümkün sayırsınız?
- Bəli, ona çox ümid edirəm. Kupin artıq 3 ildir ki, millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çalışır.

- Kupini Maksim Prokopenko ilə müqayisə etmək mümkündür?
- Bəli. Amma hələ böyük yarış təcrübəsi yığmalıdır.

- 29 yaşda özünüzü necə hiss edirsiniz: London Yay Olimpiya Oyunlarından ötən bir il ərzində təcrübə yığmısınız, yoxsa yaş öz sözünü deyib?
- Özümü daha yaxşı hiss edirəm. Heç vaxt belə olmamışam (gülür)

- Rəqibləriniz arasında sizinlə rəqabətə hazır olan yeni duetlər ortaya çıxıb?
- Bu il macarıstanlı Henrik Vasbanyay – Robert Mike dueti peyda olub. Bu cütlük son dünya çempionatında 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc medal qazandı. Qalan duetlər isə elə əvvəlki kimidirlər.

- London olimpiadasının finalını şərh edə bilərsiniz?
- Bu, mənim üçün çox çətindir. Son 250 metrlik bölümədək birinci olduğun halda, mövqeyini əldən vermək və yekunda heç mükafatçılar sırasına düşə bilməmək nadir hallarda baş verir. Lakin bu, idmandır. İdmanda bəxt amili də hərdən rol oynayır. Amma gələn dəfə mütləq bəxtim gətirməlidir.

Xəbər 2530 dəfə oxundu.