“AtaHoldinq” 2017-ci ilədək FİLA-ya sponsorluq edəcək

Sentyabrın 11-də “AtaHoldinq” ASC İstanbul şəhərində keçirilən Beynəlxalq Güləş Konqresi ərəfəsində 2013-2017-ci illər ərzində Beynəlxalq Güləş Federasiyasının (FİLA) sponsoru olması haqqında müqavilə imzaladı. Müqaviləni Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti və “AtaHoldinq” ASC İdarə Heyətinin sədri Fərid Əsədov imzalayıblar.
Müqavilə gələcəkdə müxtəlif yarışların dünya çempionatı, dünya kuboku, Avropa çempionatı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” finalı və s. beynəlxalq turnirlərinin keçirilməsinə şərait yaradacaq.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti cənab Rafael Martinetti müqavilə haqqında öz fikrini bildirib: “Biz Azərbaycan şirkəti olan “AtaHoldinq”ə öz minnətdarlığımızı bildiririk. “AtaHoldinq”in Beynəlxalq Güləş Federasiyası (FILA) ilə imzaladığı müqavilə dünyada güləş idman növünün inkişafına öz töhfəsini verəcək. Dünyada güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə “AtaHoldinq” rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk”.
“AtaHoldinq” ASC İdarə Heyətinin sədri Fərid Əsədov müqavilə haqqında bunları deyib: “AtaHoldinq”in Beynəlxalq Güləş Federasiyasının (FILA) sponsoru olması müstəqil dövlətimizin dünyada daha da tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına töhvələr verəcək. Digər tərəfdən Azərbaycan şirkətinin beynəlxalq idman təşkilatının sponsoru kimi çıxış etməsi Azərbaycanda gedən iqtisadi inkişafın, onun artan qüdrətinin və güclü milli şirkətlərinin formalaşdığının bir təzahürüdür. “AtaHoldinq” ASC korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi kimi idmana dəstəyi özünə borc bilir. Bu müqavilənin imzalanması bu sahəyə olan diqqətimizin növbəti bariz nümunəsidir”.
Qeyd edək ki, “AtaHoldinq” 2008-ci ildən Beynəlxalq Güləş Federasiyasının sponsorudur. Bundan əvvəl federasiya ilə 2008-2012-ci illəri əhatə edən sponsorluq müqaviləsi imzalanmışdı. Dörd illik müqavilənin ötən üç ili ərzində Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən çoxlu sayda beynəlxalq yarışlar təşkil olunub ki, onlardan bir neçəsi ölkəmizdə keçirilib.

Xəbər 1210 dəfə oxundu.