İndoneziyada Azərbaycan günü
İndoneziyada 3-cü İslam Həmrəylik Oyunları davam edir. İdman.com.az saytı xəbər verir ki,olimpiada çərçivəsində 25 sentyabrda Palembanqın Aryaduta mehmanxanasında Bakı-2017 Təşkilat komitəsi tərəfindən 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olumuş Azərbaycan günü təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanmış video müraciəti ilə başladı. Prezident İlham Əliyev müraciətində Azərbaycanın sosial-iqtisadi, siyasi vəziyyəti haqqında məlumat verməklə yanaşı İslam Oyunlarının əhəmiyyətinə toxunub və Azərbaycanın bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu vurğulayıb.

Azərbaycan günündə 46 iştirakçı dövləti təmsil edən milli olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəylik İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların təşkilat komitəsinin nümayəndələri, həmçinin İndoneziya Hökumətinin səlahiyyətli şəxsləri, Azərbaycan Respublikasının İndoneziyadakı Səlahiyyətli Səfiri Tamerlan Qarayev və digər şəxslər iştirak ediblər.

Mərasimdə iştirak edən qonaqlar Azərbaycanın idman uğurlarını yükəsk qiymətləndirib və ölkəmizin 4-cü İslam Həmrəylik Oyunlarını 2017-ci ildə Bakı şəhərində yüksək səvyyədə təşkil edəcəyini əminliklərini ifadə ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyəti, idman tarixi və mətbəxini təbliğ edən videoçarx nümayiş etdirilib və ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərindən ibarət fotostendlər təşkil edilib və əyani vəsaitlər paylanıb. Azərbaycan günü milli musiqimizin sədaları altında davam edib.

Qeyd edək ki növbəti - 4-cü İslam Həmrəylik Oyunları 2017-ci ildə Bakı şəhərində keçiriləcək.

Xəbər 2443 dəfə oxundu.