3-cü islam Həmrəylik Oyunlarına start verildi
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarına bu gün start veriləcək. Sentyabrın 22-də isə oyunların təntənəli açılış mərasimi keçirilib. Həmin gün əvvəlcə, Oyunlar üçün salınmış xüsusi şəhərcikdə Azərbaycan Respublikası bayrağının qaldırılması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman nazirinin müvini İsmayıl İsmayılov və nümayəndə heyətimizin digər üzvləri iştirak ediblər. Dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı yüksəldildikdən sonra təşkilat komitəsinin xüsusi hədiyyəsi Azərbaycan nümayəndə heyətinin şef de missionu Vagif Əliyevə təqdim edilib.

Günün sonunda isə Gelora Sriwijaya Jakabaring stadionunda Oyunların təntənli açılış mərasimi keçirilib. Azərbaycan komandası stadiona Əlcəzairdən sonra, ikinci daxil olub. Milli bayrağımızı ağırlıqqaldıran İntiqam Zairov aparıb.

Tədbirin rəsmi hissəsində İndoneziya prezidenti Susilo Bambanq Yudono çıxış edərək müsəlman dövlətlərinin birliyi baxımından İslam Həmrəylik Ölkələrinin oyunlarının böyük əhəmiyyət daşıdığını bildirib.

İndoneziyanın idman naziri Roy Surya və İslam Həmrəyliyi Oyunları Federasiyası (ISSF) rəhbəri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti şahzadə Nəvvaf bin Feysəl də çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Andiçmə və dua oxunmasından sonra meydan incəsənət ustalarına verilib.

Denni Malikin müəllifi olduğu “İslam həmrəyliyi ruhu” mövzusunda rəqs şousuna tamaşa etdikdən sonra, açılış mərasimi atəşfəşanlıq və bədii hissə ilə davam edib.

Sentyabrın 23-də Azərbaycan idmançılarından karateçilər və badmintonçular mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, növbəti, 4-cü İslam Həmrəyliyi Oyunları 2017-də Azərbaycan paytaxtında keçiriləcək.

Xəbər 985 dəfə oxundu.