Ağacan Abiyev: 5-6 lisenziya qazanmağa ümid edirik
Sentyabrın 26-da Bakıda boksçular arasında dünya çempionatı start götürəcək. Adı çəkilən yarışda 126 ölkədən 716 idmançının iştirakı artıq rəsmiləşib. Bundan başqa, AİBA Banqladeş, Benin, Kamboca, Yamayka, Nauru və Yeni Zellandiyadan da cavab gözləyir. London olimpiadasına lisenziya verəcək bu mötəbər turnirdə milli komandamızın iddiası böyükdür. Məqsəd, bacardıqca çox vəsiqə qazanmaqdır.

Gənc boksçularımızın ötən həftə İrlandiya paytaxtında keçirilmiş Avropa birinciliyində yüksək nəticə göstərməsi Bakı rinqində onların da öz sözlərini deyəcəyindən xəbər verir. Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevlə görüşdə ilk olaraq elə bu məsələyə toxunduq:

- Dublində 38 ölkədən 216 idmançı iştirak edirdi. Gərgin rəqabətə rəğmən, boksçularımız qitə birinciliyində uğurlu çıxış edərək, 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazandılar. Komanda hesabında, Rusiya yığmasından sonra, 2-ci yeri tutduq. Hesab edirəm ki, hakimlər 2 boksçumuzun - Tural Əhmədovla Şaban Şahpələngovun döyüşlərində də ədalətli qərar çıxarsaydılar, nəticə daha yüksək olacaqdı. Üstəlik, gənclər yığmasının üzvləri Salman Əlizadə və Teymur Məmmədov artıq əsas komandaya qoşulduğundan, onları bu yarışa aparmamışdıq.

- Ağacan müəllim, qarşıda bizi dünya çempionatı gözləyir. Olimpiadaya 92 lisenziyanın sahibi Bakı rinqində müəyyənləşəcək. Bu məsul yarışa hazırlıq hansı səviyyədədir?

- Dünya çempionatına hazırlıq yüksək səviyyədə gedir. Bir neçə müddətdir ki, AİBA-nın nümayəndəsi Bakıya gəlib, işlərə nəzarət edir. Yarışın təşkil olunacağı Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baxış da keçirilib. Dünya çempionatının gedişində AİBA-nın toplantıları olacaq. Bu məqsədlə orada müvəqqəti otaqlar tikilir. Hakimlərin xalları hesablayacağı elektron cihaz İsveçrədən gətiriləcək. Adı çəkilən ölkənin “Swiss Time” şirkətinin nümayəndələri arenada həm də texniki məsələləri yoluna qoyacaqlar. Yarış televiziya və internet vasitəsi ilə canlı yayımlanacaq.

- Milli komandamızın bu yarışa hazırlığı hansı vəziyyətdədir?

- Avropa çempionatından sonra yığma kollektiv İtaliyada 2 həftəlik təlim-məşq toplanışı keçdi. Sentyabrın 2-dən Bakıda 20 günlük hazırlığa start verilib. Ola bilsin, Türkiyə, Misir və Ukrayna yığmaları da bizimlə birgə məşqlərə qoşulsunlar.

- Dünya çempionatında iştirak edəcək heyət məlumdurmu?

- 60 və 69 kq-da rəqabət daha gərgin olduğundan, bu çəkilərdə sparrinq döyüşlər keçiriləcək. Belə ki, heyət bəllidir. “Birinci nömrələr”ə şans veriləcək.

- Komandanın qarşısına hansı məqsədlər qoyulub?

- Bildiyiniz kimi, Soltan Migitinov 75 kq-da olimpiadaya vəsiqəsini təmin edib. Qalan 9 çəkidə 5-6 lisenziya qazanmağa ümid edirik. Dünya çempionatı qabağı heyətdə itkilər olmasaydı, daha iddialı ola bilərdik. Təəssüf ki, bu mötəbər yarışda 2 ümidverici boksçumuz - Sadiq Eynullayevlə Elvin İsayevin gücündən yararlana bilməyəcəyik.

- Ağacan müəllim, AİBA-nın növbədənkənar yığıncağında hansı məsələlər müzakirə ediləcək?

- Bu toplantıda yeni hakimlik sistemi və qurumun daxilində yeni Peşəkar Boks Liqasının yaradılması məsələsinə baxılacaq.

Söhbətləşdi: Kamran HACI


Xəbər 1283 dəfə oxundu.