"Qəbələ" liderliyə doğru
Sabah Topaz Premyer Liqada 7-ci turun oyunlarına start veriləcək.

Turun 5 oyunu 3 gün ərzində keçiriləcək.

Turun açılış matçında bir oyun baş tutacaq. Qəbələnin eyniadlı komandası öz meydanında "Rəvan" klubunu qəbul edəcək. Yuri Syominin komandası bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlində liderliyə yüksələcək. Lakin "Qəbələ"nin liderliyi bir gün çəkə bilər.

Belə ki, ertəsi gün Premyer Liqanın hazırki liderləri - "Qarabağ" və "Neftçi" komandaları növbəti oyunlarına çıxacaqlar. Altı turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" klubu sentyabrın 21-də evdə "Simurq"la qarşılaşacaq. Qurban Qurbanovun komandası bu görüşdə qələbə qazanmaqla liderliyini geri qaytara biləcək. Lakin son turlarda yaxşı təsir bağışlayan Zaqatala təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur.

Son Azərbaycan çempionu Bakının "Neftçi" klubu isə 7-ci turda doğma azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkəcək. "Ağ qaralar" bu matçın əsas favoriti hesab olunur. "Qəbələ" "Rəvan"ı məğlub etməklə liderliyə yüksəlsə belə, "Neftçi" "Sumqayıt"la görüşdən 3 xalla ayrılacağı təqdirdə liderlik mövqeyini qoruyacaq. Bu baxımdan 7-ci turun oyunları hər üç komanda üçün mühüm əhəmiyyət kəsb edir.

Digər iki oyuna gəldikdə AZAL öz meydanında "Xəzər Lənkəran"ı, mövsümə uğursuz start verən "İnter" "Bakı"nı qəbul edəcək. "Qəbələ" klubu kimi AZAL-ın da liderliyə yüksəlmək şansı var. Bunun üçün Vaqif Sadıqovun komandası "Xəzər Lənkəran"la oyundan mütləq qalib ayrılmalıdır və digər rəqibləri xal itirməlidir. Lakin Lənkəran təmsilçisinin son turda "Bakı"nı məğlub etməsi AZAL-ın işinin heç də asan olmayacağından xəbər verir. Bu baxımdan turun son görüşünün gərgin keçəcəyini söyləmək olar.

Bu mövsüm məğlubiyyətləri sıralayan "İnter" "Bakı" ilə oyunda uğursuzluğa son qoymağa çalışacaq. Ancaq bir məsələ var ki, "İnter" "Bakı" ilə oyuna baş məşqçisi Kaxaber Sxadadzesiz çıxacaq. Belə ki, gürcüstanlı mütəxəssis "Neftçi" ilə oyunda texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Son turda "Xəzər Lənkəran"a 1:2 hesabı ilə uduzan "Bakı" da həmin məğlubiyyəti unutdurmaq niyyətindədir. Milinko Pantiçin komandası bu oyunda qalib gəlməklə turnir cədvəlində vəziyyətini bir qədər yaxşılaşdıracaq. "İnter" məğlub olarsa, bu komandanın işi daha da qəlizləşəcək.

Qeyd edək ki, Topaz Premyer Liqada 7-ci turun oyunları 20-22 sentyabr aralığında keçiriləcək.

Xəbər 975 dəfə oxundu.