Kanoeçilərimiz bu dəfə Londonda yarışdılar

Sentyabrın ilk həftəsində Böyük Britaniyanın paytaxtı Londonda kayak və kanoe üzrə Dəvətlilərin Beynəlxalq Reqatası (London Canoe Sprint Invitational International Regatta) adlı turnir keçirilib. Yarışda dünyanın 30-dək ölkəsindən xüsusi dəvət əsasında 200 idmançı mübarizə aparıb. Onların arasında Azərbaycanın 3 kanoeçisi də yer alıb. Bunlar 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində təşkil olunmuş dünya çempionatının qalibi Valentin Demyanenko və gümüş mükafatçılar Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olub.

Beynəlxalq Reqata 2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi məkanda – Eton Dorney Avarçəkmə Mərkəzində baş tutub. Turnirin təşkilində məqsəd növbəti olimpiadaya 11 aydan da az qaldığı müddətdə kayak və kanoeçilərin yarış məkanına daha erkən uyğunlaşmalarını təmin etmək və bu məkanın olimpiadaya nə dərəcədə hazır olduğunu sınaqdan çıxarmaqdan ibarət olub. Təsadüfi deyil ki, beynəlxalq reqataya dəvətlilərin əksəriyyəti London olimpiadasına lisenziyanı təmin etmiş idmançılar, o cümlədən, Demyanenko ilə Bezyqlıy – Prokopenko dueti olub. Yarışlar isə kayak və kanoe üzrə ümumilikdə 12 olimpiya qayıq və məsafəsinin 10-da keçirilib. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Beziqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüş edib.

Kanoeçilərimiz mükafatçılar sırasına düşə bilməsələr də, əsas finala vəsiqə qazanmaqla London olimpiadasının medallarına iddialılardan olduqlarını bir daha nümayiş etdiriblər. Bezuqlıy – Prokopenko dueti əsas finalda 3 dəqiqə 41,702 saniyə nəticə ilə 4-cü yeri tutub. Onlar bürünc medal qazanan Andrey və Aleksandr Baqdanoviç qardaşlarından cəmi 0,651 saniyə geri qalıblar. Qızıl medala almaniyalı Tomaş Vılenjek – Ştefan Holts (3:39.482), gümüş medala isə rumıniyalı Alexandru Dumitresku - Viktor Mixalaki (3:40.753) duetləri sahib olub. Azərbaycanlı duet dünya çempionatında yalnız almaniyalı cütlükdən geri qalmış və rumıniyalıları qabaqlayaraq, ikinci olmuşdu.

Demyanenko isə seçmə mərhələnin qalibi kimi birbaşa vəsiqə qazandığı əsas finalda 5-ci yerlə kifayətlənib. O, finişə 41,660 saniyəyə çatıb. Kanoeçimizin dünya çempionatında geridə qoyduğu rusiyalı İvan Ştıl beynəlxalq reqatada 41,112 saniyə nəticə ilə birinci olub. İkinci yeri 41,356 saniyə göstərici ilə kanadalı Riçard Dalton tutub. İspaniyalı Alfonso Benvides dünya çempionatında olduğu kimi, yenə 3-cü yerlə kifayətlənib. Benavides bu dəfə finişə 41,369 saniyəyə çatıb. 4-cü yeri isə litvalı Yevgeni Şuklin 41,445 saniyə nəticə ilə əldə edib.

Xəbər 1236 dəfə oxundu.