«Hər bir idmançımız lisenziya qazanmağa qadirdir»
Bü gün dünya çempionatında iştirak edəcək sərbəst və qadın güləşçilərimizin adlarına da aydınlıq gəlib. Olimpiya Güləş Mərkəzində keçirilmiş mətbuat üçün açıq məşqdə heyəti, adəti üzrə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev elan edib. Toplantıya həmçinin, vitse-prezidentlər Elçin Cəfərov, Məhəmməd Əliömərov və gənclər və idman nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev qatılıblar.
N.Əliyev, planetin ən güclülərinin yarışında iştirak edəcək heyətlərin bəzi çəkilərində seçim etməkdə çətinlik çəkdiklərini deyib. Sitat: «Milli komandalarımızda rəqabət böyüdür. Bu üzdən, qadın və sərbəst güləş üzrə komandalarımızda dünya çempionatında iştirak edəcək heyətləri müəyyənləşdirməkdə müəyyən tərəddüdlər yarandı. Bir neçə sparrinq görüş oldu. Yekunda, məşqçilər korpusu öz fikirlərini bildirdilər.
Hər 2 kollektiv yüksək səviyyəli təlim-məşq toplanışı keçib. Hesab edirəm ki, pəhləvanlarımız öz sözlərini deyəcəklər. Bizim zədəfimiz yalnız yüksək əyarlı medallardır. Hər bir idmançımız lisenziya qazanmağa qadirdir».
Sentyabrın12-də İstanbulda start götürəcək dünya çempionatında ölkəmizi sərbəst güləşdə Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq), qadın güləşində Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Gözəl Zutova (63 kq), Nadejda Sementsova (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcəklər.

KAMRAN

Xəbər 1055 dəfə oxundu.