“Türkiyə Azərbaycanı alqışlayır”

Azərbaycan milli komandasının sentyabrın 2-də futbol üzrə “Avro-2012”-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə heç-heçə oynaması və bunun nəticəsində eyni qrupda olan Türkiyə yığmasının ikinci yerə yüksəlməsi qardaş ölkənin mətbuatının ilk səhifələrində yer almışdır.
“Türkiyə Azərbaycanı alqışlayır”, “Türkiyəyə qardaş yardımı”, “Türkiyə Qazaxıstana qalib gəldi, Azərbaycandan yardım aldı” kimi başlıqlarla dərc olunmuş idman şərhlərində “Avro-2012”-nin final mərhələsinə çıxmağa can atan türkiyəli futbolçuların azərbaycanlı qardaşlarına minnətdar olduqları vurğulanır.
Türkiyənin aparıcı xəbər kanallarının idman verilişlərində də Azərbaycan milli komandasının yaxşı oyunu şərh olunur. Rauf Əliyevin vurduğu qolun Türkiyə millisi üçün final mərhələsinə bir körpü saldığı qeyd edilir, qardaş ölkə millisinin baş məşqçisi Quus Hiddinkin bu nəticəni yüksək qiymətləndirdiyi bildirilir.

Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara

Xəbər 1134 dəfə oxundu.