Boksçularımız Avropa birinciliyindən 2 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar

Boks üzrə gənclər arasında Avropa birinciliyində uğurla çıxış edən Azərbaycan yığması vətənə dönüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda boksçularımızı federasiya rəsmiləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Milli komandanın baş məşqçisi Şamil Əlimcanov nəticələri yüksək qiymətləndirib. O, deyib ki, 38 ölkənin mübarizə apardığı yarışda biz yalnız Rusiyadan geri qalaraq 2-ci yeri tutduq. İki boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Yarışın gedişində iş elə gətirdi ki, komandamızın üzvləri dörd dəfə Ermənistan nümayəndələri ilə qarşılaşdılar və hər dəfə qələbə bizim tərəfimizdə oldu.
Ş. Əlimcanov vurğulayıb ki, komandanın hazırlığı üçün federasiya tərəfindən hər cür şərait yaradılmışdı. Buna görə, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm.
Ötən il Avropa birinciliyində gümüş medal qazanmış Rauf Rəhimov (75 kq) bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Həmyerlimiz final görüşündə Rusiya nümayəndəsi Maqomed Madiyevi 17:11 hesabı ilə məğlub edib. İdmançımız yarışın çətin keçdiyini bildirib. O deyib ki, qarşıma çempion olmaq məqsədi qoymuşdum. Ötən yarışda gümüş medal qazanmışdım. Bu dəfə nəticəmi yaxşılaşdırmaq istəyirdim və məqsədimə çatdım. Bundan sonra böyüklər arasında yarışlarda – Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında fərqlənməyə çalışacağam.
Avropa birinciliyində iki erməni boksçusunu məğlub edən Pərviz Bağırov da (60 kq) komandamıza qızıl medal qazandırıb. Yarımfinalda Ermənistan boksçusu Gor Erçiyan üzərində qələbə qazanan Bağırov finalda litvalı rəqibindən də üstün olub. P.Bağırov vurğulayıb ki, yarımfinal döyüşünə çıxanda müəyyən həyəcan var idi. Buna baxmayaraq, rəqibim üzərinqə qələbə qazandım. Püşkə əsasən 2 dəfə erməni boksçusu ilə döyüşdüm və hər iki halda rinqi qalib tərk etdim. Gələn il gənclər arasında dünya birinciliyi olacaqdır. Məqsədim həmin yarışda da uğurla çıxış etməkdir.

AzərTAc

Xəbər 1348 dəfə oxundu.