Daha iki avarçəkənimiz London Olimpiadasına lisenziya uğrunda mübarizəyə qoşulacaq

Avqustun 28-də Sloveniyanın Bled şəhərində kişilər və qadınlar arasında akademik avarçəkmə üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. Çempionatda 70-dən çox ölkənin idmançıları 22 dəst medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycan milli komandası böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış edəcək. Yarışda ölkəmiz 3 əsas və 1 ehtiyat avarçəkənlə təmsil olunacaq.
Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla, Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Hər iki tip qayıq olimpiya təyinatlıdır. Yəni A.Aleksandrov ilk onbirliyə, N.Mustafayeva isə ilk doqquzluğa düşəcəkləri halda, London Olimpiadasına lisenziya qazanacaqlar. Kişi avarçəkənimizin 35, qadın avarçəkənimizin 19 rəqibi olacaq.
Kamal Məmmədov isə qeyri-olimpiya tipli - 1 nəfərlik yüngül çəkili qayıqla 17 idmançıya qarşı yarışacaq.
Ehtiyat avarçəkən qismində Sloveniyaya İskra Angelova aparılıb. Bir nəfərlik qayıqla çıxış edəcək İ.Angelova avqustun 29-dan ehtiyat idmançılar üçün startı veriləcək yürüşlərə qatılacaq. O, N.Mustafayevanın əvəzləyicisi sayılır.
Avarçəkənlərimiz dünya çempionatına Almaniyada hazırlaşıblar. Onlar təlim-məşq toplanışları və müxtəlif yarışlarda qüvvələrini sınayıblar. 26 yaşlı N.Mustafayeva Dünya Kubokunun II və III mərhələlərində 6-cı yeri tutub. 21 yaşlı A.Aleksandrov isə Dünya Kubokunun II mərhələsində və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında 7-ci olub. Bu nəticələr hər iki təmsilçimizin London Olimpiadasına lisenziya qazanmağa qadir olduğundan xəbər verir.
Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.
Qeyd edək ki, ötən həftə Macarıstanın Seqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Xəbər 1144 dəfə oxundu.