7 boksçumuz dünya birinciliyinin ¼ finalında
Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində ¼ finalçıların adları məlum olub. Növbəti mərhələyə yüksələnlər arasında Azərbaycan milli komandasının 7 üzvü də var.

Yığmamıza ilk qələbəni 50 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov qazandırıb. Həmyerlimiz 1/8 finalda macarıstanlı David Kovaçı məğlub edib – 2:1 (30:27, 29:28, 28:29).

Rövşən Musayev də (66 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz İrlandiya təmsilçisi Luis Audli ilə görüşdə elə bir çətinlik çəkməyib. Nəticədə, hər 3 hakim Musayevin qələbəsini qeydə alıb.

¼ finala vəsiqə qazananlar arasında Hüseyn Tarverdili (70 kq) də var. O, Bosniya və Hersoqovina idmançısı Sandro Poletana heç bir şans verməyib. Hər 3 hakim Tarverdilinin 30:27 hesablı qələbəsini qeydə alıb.

80 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev də komandamızı qalibiyyətlə sevindirib. Millimizin üzvü 1/8 finalda litvalı Amoldas Taraskeviçusdan üstün olub – 3:0.

Axşam proqramında çıxış edən boksçularımızın da çıxışı uğurlu alınıb. Əvvəlcə Qüdrət Quliyev (52 kq) rinqi qalibiyyətlə tərk edib. Həmyerlimiz Rumıniya nümayəndəsi Marian Rutadan güclü olub – 3:0.

İsmayıl Hüseynov da (63 kq) məşqçilərin ümidini doğruldub. Boksçumuzun belaruslu Mixail Basiakovla döyüşdə çətinlik çəkəcəyi gözlənilsə də, o, rəqibindən bir baş üstün olub – 3:0 (30:26, 30:27, 30:27).

Elşən Qafarlının (48 kq) 1/8 finaldakı qələbəsi daha əlamətdar olub. O, avstraliyalı Ceyms Beazlini 3-cü raundda texniki nokautla məğlub edib.

Milli komandamızın üzvlərindən 1/8 finalda yalnız Şamil İbrahimzadə (60 kq) məğlubiyyətlə üzləşib. Boksçumuz Moldova idmaçısına uduzub.

Azərbaycan boksçularının ¼ finaldakı rəqibləri

48 kq: Elşən Qafarlı – Conatan Lopez Markano (Puerto Riko)

50 kq: Ümid Rüstəmov - Maikel Barrero (Kuba)

52 kq: Qüdrət Quliyev – Jan Çhun-Hsien (Taypey)

63 kq: İsmayıl Hüseynov – Məhəmməd Abdilrasson (Finlandiya)

66 kq: Rövşən Musayev – Mark Qlev (Avstraliya)

70 kq: Hüseyn Tarverdili – Andrey Riqo (Slovakiya)

80 kq: Şükran Mehdiyev – Suray Mahmutoviç (ABŞ)

Xəbər 1029 dəfə oxundu.