Əjdər Cəfərov: Dəyişiklik millimizə mənfi təsir göstərməyəcək
Azərbaycan Güləş Federasiyasının mərkəzi ofisində güləş idman növünün 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, toplantıda çıxış edən AGF-nin baş katibi Əjdər Cəfərov Beynəlxalq Olimpiya Komitəsinin Argentinada keçirilmiş 125-ci sessiyasında güləş idman növünü 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramında saxlanılması barədə verilən qərarın gözlənilən olduğunu, bütün güləş həvəskarlarını sevindirdiyini bildirib, güləş idman növünün Yay Olimpiya Oyunlarının proqramında saxlanılmasına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirib:

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da idmanın bu növünə böyük maraq var. BOK-un qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüblə qarşılanmışdı. İdmanın bu növünün Olimpiadanın proqramında saxlanılmasına dəstək məqsədilə Azərbaycan, Türkiyə, İran, Rusiya, ABŞ və digər ölkələrdə aksiyalar təşkil olunub".

BOK-un Beynəlxalq Güləş Federasiyasından gender bərabərliyinin qorunması məqsədi ilə Olimpiadada qadın güləşi üzrə çəki dərəcələrinin artırılmasını tələb etdiyini bildirən Ə.Cəfərov, sentyabrın 16-17-də Macarıstanda bu məsələ ilə bağlı yekun qərarın qəbul olunacağını deyib.

"Sərbəst və yunan-Roma güləşi üzrə də çəki dərəcələrində dəyişikliyin olması gözlənilir. Ümid edirik ki, bu istiqamətdə köklü dəyişikliklər baş verməz. Milli komandamızın heyətində hər çəki dərəcəsi üzrə bir neçə güləşçinin olduğunu nəzərə alsaq bu dəyişikliyin yığmamıza mənfi təsir göstərəcəyini düşünmürəm. Son Olimpiya Oyunlarınadək sərbəst və yunan-Roma güləşi üzrə 7, qadın güləşi üzrə isə 4 çəki dərəcəsində qaliblər müəyyənləşirdi. BOK-un tələbinə əsasən, hər üç növ üzrə 6 çəki dərəcəsində qaliblər təyin olunmalıdır".

Xəbər 1214 dəfə oxundu.