Boksçularımız erməniləri məyus etdilər

İrlandiyanın paytaxtı Dublində gənclər arasında boks üzrə Avropa birinciliyində dörddəbir finalçıların adları məlum olub.
Dörddəbir finala vəsiqə qazananlar arasında milli komandamızın üzvləri Tural Əhmədov (52 kiloqram), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərov (91 kq-dan yuxarı) da var.
Səkkizdəbir finalda rinqə çıxan boksçularımızdan 3-ü erməni rəqiblərlə üz-üzə gəlib. Hər 3 görüş həmyerlilərimizin parlaq qələbəsi ilə başa çatıb. Əvvəlcə Tural Əhmədov Artur Nersisyanı rinqi məğlub tərk etməyə məcbur edib. Pərviz Bağırovun da qələbəsi yaddaqalan olub. Həmyerlimiz Ukraynanı təmsil edən erməni əsilli boksçu Miger Ohanesyanı 2-ci raundda nokauta salıb. 69 kq çəki dərəcəsində yarışan Fəqan Hüseynov da erməni rəqibini rinqə çıxmağa peşman edib. Fəqan Arayik Harutunyanı 14:8 hesabı ilə məğlub edib.
Gənclər arasında son qitə birinciliyinin gümüş mükafatçısı Rauf Rəhimov səkkizdəbir finalda Türkiyə boksçusu Burhan Akçayla qarşılaşıb. 13:9 hesabı ilə qələbə qazanan həmyerlimiz növbəti mərhələyə yüksəlib. Coşqun Əliyev də komanda yoldaşının uğurunu davam etdirib. 64 kq çəki dərəcəsindəki təmsilçimiz Belarus idmançısı Mikita Şabelnik üzərində 20:9 hesabı ilə qələbə qazanıb.
Avqustun 25-də dörddəbir final mərhələsinin görüşləri keçiriləcək. Yarışa avqustun 27-də yekun vurulacaq.

AzərTAc

Xəbər 1066 dəfə oxundu.