"Tərəqqi" fəaliyyətini bərpa edir
"Tərəqqi" klubu fəaliyyətinə xitam verməyib.

Bu barədə məlumatı klubun prezidenti Musa Abdullayev verib.

"Tərəqqi"nin rəhbəri bildirib ki, əsası 2011-cı ildə qoyulan komanda ev oyunlarının keçirilməsi və normal məşq etmək üçün stadionun olmaması və bu problemin aradan qaldırılması istiqamətində atdıqları addımların heç bir nəticə verməməsi səbəbindən 2013-2014-cü il Azərbaycan futbol çempionatının 1 divizionuna qoşula bilməmək məcburiyyətində qalıblar.

Abdullayev əlavə edib ki, klubun sponsoru olan Naxçıvan Avtomobil Zavodu komandanı maliyyələşdirməkdə davam etmək niyyətindədir və bu istiqamətdə işlər gedir:

"Ötən mövsüm bildiyiniz kimi Azərbaycan Futbol Federasiyalar Assosasiyası və Peşəkar Futbol Liqasının Gəncə stadionunun oyunların keçirilməsi üçün yarasız olması ilə bağlı məlum qərarından sonra komanda qalan oyunlarını Şəmkirdə keçirmək məcburiyyətində qaldı. Futbolun Gəncə azarkeşləri üçün vacib olduğunu və "Tərəqqi" klubunun da öz doğma şəhərində oynaya bilməməsini nəzərə alaraq biz komandanın fəaliyyətində müəyyən müddətə fasilə vermək barədə qərar qəbul etdik. Bu səbəbdən də bu il 1 divizionda keçirilən çempionata qatılmadıq. Hazırda klub olaraq regionlarda olan stadionlarla danışıqlar aparırıq və hesab edirəm ki, yaxın vaxtlarda müsbət bir nəticə əldə edərək məşqlərimizi bərpa edəcəyik".

Musa Abdullayev əlavə edib ki, hazırda komandanın komplekləşdirilməsi istiqamətində işlər davam edir. "Növbəti mövsümə yaxşı hazırlaşmaq və səviyyəli bir komanda formalaşdırmaq üçün səylərimizi davam etdiririk. Baş məşqçi və futbolçularla danışıqlar aparırıq. Klubun sponsoru Gəncə futbolu adından çempionatda peşəkar səviyyədə çıxış edə biləcək bir komanda qurmaq niyyətindədir”.

Xəbər 1020 dəfə oxundu.