"Elnur Allahverdiyevin məsələsi sabah bilinəcək"
"Elnur Allahverdiyevin məsələsi sabah bilinəcək". Bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Məlum olduğu kimi, bir neçə gün öncə sırf bu problemlə bağlı Con Toşakla klub rəhbərliyi arasında iclas keçirilib. Klub rəsmisinin sözlərinə görə, görüşdə Elnurla yanaşı, digər məsələlər də müzakirə olunub:

"Əvvəlcə Toşak "Qəbələ" ilə oyun və digər məsələlər barədə rəhbərliyə hesabat verdi. Son olaraq isə Elnur haqqında raportunu rəhbərliyə təqdim etdi. Onun raportunda Elnurun son oyunlarda zəif çıxış etdiyi və klubun intizam kodeksinin bir neçə bəndini pozduğu barədə məlumat yer alıb. Toşak futbolçu ilə bağlı ən ciddi tədbir görülməsini istədi. Elnur qayıtdıqdan sonra rəhbərlik onunla görüşüb qərarını verəcək".

Cəbrayıloğlu bildirdi ki, rəhbərlik futbolçunun xidmətlərini nəzərə aldığından, onunla danışmamış qərar qəbul etməyəcək: "Elnurun "Xəzər Lənkəran"da xidmətləri var. Həm də millinin oyunçusudu. Buna görə onun özünün də dinlənilməsinə qərar verildi".

Xəbər 740 dəfə oxundu.