Valentin Demyanenko: “Kimsə səndən güclüdür”
“Mən əvvəllər 2005-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə və 2009-cu ildə Kanadanın Dartmut şəhərində dünya çempionu olmağı bacarmışdım. Lakin 2006-cı ildə Seqeddə keçirilmiş dünya çempionatında gümüş medal qazanmışdım. Şadam ki, 5 ildən sonra burada yenidən təşkil olunan dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardım”. Bu sözləri mətbuata açıqlamasında kanoe üzrə Azərbaycan milli komandasının üzvü Valentin Demyanenko deyib.

28 yaşlı idmançı Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında 200 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə qızıl medal qazanıb. Bununla da Demyanenko 3 qat Avropa və 3 qat dünya çempionuna çevrilib. Yığmamız isə yarışı 1 qızıl, 3 gümüş medalla başa vurub. Dünya çempionumuz həm özü, həm də kanoe yığmamızın göstərdiyi nəticədən razılığını bildirib. Qazandığı titullara və daha böyük maraqla izlənilən sprinter məsafəsindəki şəksiz liderliyinə baxmayaraq, Demyanenko kanoe növündə bir şəxsiyyət kimi yetişməsi fikri ilə razılaşmayıb: “Çünki hər zaman hər şey dəyişir. Kimsə səndən güclüdür. Burada son hədd yoxdur”.

Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış kanoeçimizin kolleksiyasında yalnız olimpiya medalı yoxdur. Demyanenko növbəti hədəfinin məhz olimpiadada uğurlu çıxışdan ibarət olduğunu bildirib: “Olimpiadaya lisenziya qazanmışam. Sonrakı hədəfim növbəti yarışlarda uğurla çıxış etməkdir. Təbii ki, ilk növbədə, olimpiadanı nəzərdə tuturam”.

Qeyd edək ki, Seqeddəki dünya çempionatında Valentin Demyanenkodan əlavə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti də 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olub.

Xəbər 1189 dəfə oxundu.