Rusiyanın ardınca ABŞ da 2020-ci il Olimpiadasına ev sahibliyindən imtina etdi

ABŞ 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi uğrunda mübarizədən əl çəkib. Bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi nümayəndəsi Patrik Sanduski bildirmişdir.
O demişdir: “Mən təsdiq edə bilərəm ki, ABŞ 2020-ci il Olimpiya Oyunlarını keçirmək hüququ uğrunda mübarizə aparmayacaqdır”. Ötən istirahət günlərində öz namizədlikləri barədə ərizə verməyə hazırlaşan Amerika şəhərləri, o cümlədən Nyu-York, Çikaqo və Dallas xəbərdar olunmuşlar”.
Milli olimpiya komitələri 2020-ci il oyunlarını keçirmək istəyən namizədlərini sentyabrın 1-dək təqdim etməlidirlər. Sanduskinin sözlərinə görə, elə bu amil ABŞ üçün həlledici oldu. O demişdir: “Bu qədər az vaxt ərzində qələbəyə iddiaçı ola biləcək ümumi bir ərizəni hazırlaya biləcəyimizə inanmırıq”.
Mütəxəssislərin qeyd etdiklərinə görə, bu cür qərar ABŞ-ın planetin ən mühüm idman yarışı olan növbəti 2022-ci il Qış Oyunlarını keçirməyə hazır olduğu deməkdir. Bu oyunlara ev sahibliyi etməkdə maraqlı şəhərlərdən biri də Kolorado ştatının paytaxtı Denverdir.
Çikaqo 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddialı idi. Lakin o zaman ABŞ Prezidenti Barak Obamanın onun doğma şəhərini dəstəkləməyi xahiş etməsinə baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Rio-de-Janeyronu seçdilər.
Xatırladaq ki, Rusiya da 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizədən imtina etmişdir.

AzərTAc

Xəbər 1144 dəfə oxundu.