Avropa çempionatında daha bir medal qazandıq
Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində daha bir atletimiz körpücük üzərinə çıxıb. Bu, “Zirvə” klubunun idmançısı Kənan Əliquliyevdi. Lənkəranlı gənc atlet yaşı 15-ə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb. O, gümüş medal qazanaraq bizləri sevindirib.
Birdən qaldırma hərəkətinə Kənan 107 kq-ı uğurla ram etməklə start verib. Sonra fiariş verdiyi 111 kq-ı isə yalnız iki yanaşmada qaldıra bilən Əliquliyev, bu hərəkətdə ikinci yeri tutub.
Təkanla qaldırmada atletimiz əvvəlcə 131 kq-ı başı üzərinə qaldırıb. İkinci yanaşmasında 136 kq-a da güc gələn Kənan, son cəhdində 140 kq-ı ram etməyə çalışıb. Ancaq sona qədər mübarizə aparsa da, bu onda alınmayıb. Buna baxmayaraq, 15 yaşlı ağırlıqqaldıranımız bu hərəkətdə də ikinci olub.
Toplamda 247 kq (111 kq + 136 kq) nəticə göstərən Kənan Əliquliyev Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

Xəbər 675 dəfə oxundu.