Dünya çempionatında möhtəşəm nailiyyət
Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycan milli komandası 4-cü medalını qazanıb. Yığmamız bu dəfə kanoe qayığı ilə 200 metr məsafəyə 4 nəfərlik estafet yürüşündə gümüş medala sahib olub. Millimizin heyətində bu uğura Andrey Kraytor, Sergey Bezuqlıy, Maksim Prokopenko və Valentin Demyanenko imza atıb. Onlar finalda 2 dəqiqə 48,341 saniyə nəticə göstərərək, yalnız rusiyalı kvartetdən 1,386 saniyə geri qalıblar. Üçüncü yeri isə 2 dəqiqə 48,473 saniyə nəticə ilə Almaniya tutub.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 3 gümüş medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına 2 lisenziya ilə başa vurub. Bütün medalları və lisenziyaları ölkəmizə kanoeçilərimiz qazandırıb. Estafet yürüşündə əldə olunan gümüş medaldan əlavə, Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qızıl və olimpiadaya vəsiqə, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr və 500 metr məsafələrə yürüşdə gümüş medal və olimpiadaya vəsiqə qazanıb. Bezuqlıy – Prokopenko cütlüyü fəxri kürsüyə 3 dəfə, Demyanenko 2 dəfə qalxıb. Kraytor isə ilk dəfə böyüklər arasında dünya çempionatının mükafatçısı olub.

Ölkəmiz Seqeddəki dünya çempionatında tarixi uğura imza atıb. 2009-cu ildə Kanadanın Dartmut şəhərində 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxan millimiz bu dəfə həm kəmiyyət, həm də keyfiyyətcə medal kolleksiyasını zənginləşdirib.

Xəbər 1184 dəfə oxundu.