Azərbaycan idmanında tarixi hadisə
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ölkəmizə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazandırdı

Avqustun 20-də müstəqil Azərbaycan idmanında tarixi hadisə baş verib. Ölkəmiz avarçəkmənin kanoe növündə böyüklər arasında olimpiadaya lisenziya qazanıb. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında 1000 metr məsafəyə yürüşdə gümüş medala sahib çıxaraq, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəyə sahib çıxıb. Onlar ötən gün 500 metrdə də gümüş medal əldə etsələr də, bu günkü uğur ikiqat əhəmiyyətlidir.

2 nəfərlik qayıqla 1000 metr məsafəyə final yürüşündə Bezuqlıy – Prokopenko dueti finişə 2 dəqiqə 43,525 saniyəyə çatıb. Bu nəticə ilə onlar yalnız almaniyalı Ştefan Holts – Tomaş Vılenjek duetindən 0,822 saniyə geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz 500 metr məsafəyə yürüşün finalında geri qaldıqları rumıniyalı Alexandru Dumitresku – Viktor Mixalaki duetini 0,312 saniyə üstələməyi bacarıb.

London olimpiadasına sonrakı 4 yeri tutan çexiyalı Yaroslav Radon – Filip Dvoryak (2:44.593), rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (2:45.865), belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (2:46.855) və kubalı Karel Agilar Çakon – Sergey Torres Madriqal (2:48.547) duetləri də lisenziya qazanıb.

Xəbər 1199 dəfə oxundu.