Oliver Kann: "Beyl 99 milyon avronu haqq etmir"
Almaniya futbolunun canlı əfsanəsi Oliver Kann "Real" (Madrid) klubunun transfer siyasəti haqda sərt fikirlər səsləndirib.

"Bild" qəzetinə danışan sabiq qolkiper "Real"ın yeni transferi Qaret Beylin qiymətinin 99 milyon avro olmadığını bildirib:

"Daha öncə bir futbolçu ilə ona ödənilən məbləğ arasında belə uçurum görməmişdim. Çünki Beyl hələ özünü tam göstərə bilməyib. 24 yaşlı futbolçu ötən mövsüm Çempionlar Liqasında cəmi 9 oyuna çıxıb və şərəfini qoruduğu Uels millisini böyük turnirlərə daşıya bilməyib.

Buna görə də, Beylin 99 milyon avronu haqq etmədiyini düşünürəm. Son transfer rekordlarına nəzər saldıqda "Real"ın ön plana çıxdığını görərik. Bu komandanın zirvədə qalmaq istəyindən qaynaqlanır. Ancaq İspaniyadakı iqtisadi vəziyyəti və klubun 600 milyon avro borcunun olduğunu düşünsək, bu siyasətə şübhə ilə yanaşıram".

Qeyd edək ki, "Kral klubu" bu mövsüm transferlərə 165 milyon avro xərcləyib.

Xəbər 1114 dəfə oxundu.